İranın “qırmızı xətt”ini keçirlər – Tehrandan sərt xəbərdarlıq

Son günlər Ermənistan mediasında və sosial şəbəkə seqmentində Zəngəzur dəhlizi barədə xəbərlər tirajlanır.  Ermənistan parlamentinin “Mülki Müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan iddia edib ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə Azərbaycanda saxlanılan erməni terrorçuları İrəvana qaytarılacaq. Bundan başqa, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Zəngəzurda hərəkətlənmə olması iddialarına münasibət bildirib. O, bölgədə hərbi toplanış olmadığını vurğulayıb

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Zəngəzur dəhlizi Ermənistanın istəyindən asılı olmayaraq açılacaq:

“Bu, 10 Noyabr bəyanatının 9-cu bəndində öz əksini tapıb. Zəngəzur dəhlizinin açılmasında maraqlı olan tərəf Rusiyadır. Çünki Qərbin sanksiyalarına rəğmən Asiya ölkələri ilə əlaqələri genişləndirmək istəyir və bu yol onun üçün çox vacibdir.

Son günlər Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə gərginlik müşahidə olunur. Fransa və İranın geosiyasi maraqları birləşir: onlar dəhlizin açılmasına razı deyillər.

Onu da deyim ki, Zəngəzur dəhlizinin açılması üçün müharibə cinayətləri törətmiş şəxslərin təhvil verilməsi məsələsi tam absurddur. Azərbaycanda müharibə canilərinin, separatçı rejimin başçılarının qaytarılması ilə bağlı qərar yoxdur.

Politoloqun sözlərinə görə, Qarabağdan çıxarılmış silahlı birləşmələr Fransada təlim keçiblər və Azərbaycanla şərti sərhəddə yerləşdiriliblər:

“Eyni zamanda, sərhədimizə PKK quldurları gətirilib. Bu, güc nümayişidir. Erməni mətbuatında yer alan məlumatlara görə, Ermənistan Hindistandan zenit raket kompleksləri alaraq ərazilərində yerləşdirib. Fransanın Müdafiə naziri Sebastyan Lekornunun Ermənistana səfəri zamanı 350-450 milyon dollarlıq silah-sursat alınması haqqında müqavilə imzaladılar. Görünür, Fransa çox ciddi şəkildə Ermənistanı silahlandırmaqda maraqlıdır. Məqsəd isə Ermənistandan Rusiyanı sıxışdırıb çıxartmaq və əvəzində öz hərbi bazasını yerləşdirməkdir. Bu isə nə Azərbaycana, nə Türkiyəyə, nə də İrana sərf edir. Hətta rəsmi Tehran bununla bağlı dəfələrlə İrəvan rəhbərliyinə xəbərdarlıq edib. Bu, onların “qırmızı xətti”dir. Yaxın zamanlarda vəziyyətin daha da gərginləşməsini gözləmək olar”.

Safura Bənnayeva
Globalinfo.az