İranda SEPAH və ordu arasında toqquşmalar yaşanır – Pakistanla təcili anlaşmasının məqsədi…

İran və Pakistan gərginliyi səngiyir. Belə ki, iki ölkə bir-birinin ərazisinə qarşılıqlı zərbə vurduqdan sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə edib. Bəzi ekspertlər iki ölkə arasında gərginliyin böyüyəcəyi, hətta müharibə versiyalarını dilə gətirdiyi halda tərəflərin uzlaşması diqqət çəkir.

Maraqlıdır, Pakistan-İran gərginliyi tamam bitir? Tərəflərin qarşılıqlı zərbələri yenidən baş verə bilər? Müharibə ehtimalları nə dərəcədə realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, İran ilə Pakistan arasında toqquşmanın uzunmüddətli olmayacağı gözlənilən idi:

“Məsələ ondadır ki, tərəflərin heç biri bunda maraqlı deyil. Bunu sübut edən əsas fakt isə hücum və cavab zərbəsinin “terrorçuları zərərsizləşdirmək” adı altında edilməsidir. Onu da qeyd edim ki, hər iki tərəfin sıx əməkdaşlıq etdiyi ölkələr, xüsusilə Çin prosesin genişlənməsinin əleyhinədir.

Hücumu başladan tərəf İrandır. Bu mənada hücum birmənalı deyil. Hücumun arxasında İranın həm daxili, həm də regional müstəvidə hədəflərinin olduğunu demək olar.

Asif Nərimanlı

İranda hakimiyyətin hərbçilərə ötürülməsi prosesinə hazırlıq getdiyinə dair məlumatlar var. Mövcud iqtidarın əsas missiyası da budur. Post-Xameneyi dövrünə hazırlıq məqsədi daşıyan bu prosesdə SEPAH və ordu arasında ziddiyyətlər, hətta toqquşmalar müşahidə edilir.

SEPAH-ın nəzarəti tamamilə ələ almaq üçün “xarici təhlükə” ssenarisini işə salacağı, daxili sabitliyi mühafizə etmək məqsədilə aktiv əməliyyatlara başlayacağı əvvəldən gözlənilirdi. Hətta Azərbaycanla qarşıdurmanı qızışdıran SEPAH-ın əsas hədəflərindən biri də bu idi, lakin Türkiyə faktoru, eləcə də Cənubi Qafqazda maraqlı tərəflər bu ssenarinin reallığını arxa plana atır.

SEPAH İraqa, Suriyaya və Pakistana eyni anda zərbələr endirərək, belə demək mümkünsə, “yığılıb qalan qisası” aldığı görüntüsü yaradır. Və İran inqilabının əsas “qoruyucuları” olduqlarını nümayiş etdirirlər.

İstisna deyil ki, İslamabadda Tehranın niyyətini anladıqları üçün dərhal adekvat zərbələr endirməklə bu ssenarinin mümkünsüzlüyünü nümayiş etdirdilər”.

Turan Rzayev
Globalinfo.az