İran “raketlə vuraq” deyir, Bakı hərəkətə keçir

“İran” qəzetinin Xəbərlər departamentinin katibi Məhəmməd Motlaq “Bakıdakı hərbi obyektlərin raketlərlə vurulmasına razısınızmı?” sorğusu keçirib.

Aydın məsələdir ki, nə Məhəmməd Motlaq, nə də hər hansısa bir İran rəsmisi bu və bu kimi təşəbbüslə özbaşına çıxış edə bilməz. İranın terrorçu, despot, zorba molla rejimi Motlaqın üzərindən guya Azərbaycana xəbərdarlıq edir.

Görünür, molla rejiminin sadiq köpəyi Məhəmməd Motlaq İranın Bakıdakı hərbi obyektləri vurmasını “sinə vurmaq”la səhv salır.

Birincisi, Azərbaycan çadır dövləti deyil. 27 il müharibə şəraitində yaşayan və 44 günlük İkinci Qarabağ müharibəsindən qalib kimi çıxan bir ölkəni belə təhdidlərlə qorxutmaq olmaz. Azərbaycan bundan öncə olduğu kimi, bundan sonra da istənilən hücuma hazırdır.

Ordumuzun hərbi arsenalında ölkənin istənilən hərbi obyektini, xüsusilə də strateji obyektləri qoruyacaq vasitələr var. Buna şübhəsi olan 44 günlük müharibədə Ermənistanın atdığı raketlərin havadaca məhv edilməsi faktını xatırlasın.

İkincisi, Məhəmməd Motlaq “Bakıdakı hərbi obyektlərin raketlərlə vurulmasına razısınızmı?” sorğusunu keçirərək, əslində, özünü tragikomik hala salır. Belə ki, İsrailə məxsus dron və F-35 təyyarələrinin İranın strateji obyektlərini vurması bu ölkənin real vəziyyətinin nə dərəcədə acınacaqlı olduğunu göstərdi.

İran nəinki İsrailin hava hücumunun qarşısını ala bilmədi, ümumiyyətlə, nə baş verdiyini hələ indi-indi anlayır. Və belə bir ölkə Azərbaycanı vurmaqla hədələyir.

Üçüncüsü, bu gün İran ətrafında beynəlxalq koalisiya qurulur. Tehran atdığı hər aqressiv addım ilə özü öz sonunu gətirir. Azərbaycana qarşı hansısa hücum molla rejimini Səddam Hüseynin aqibəti ilə üz-üzə qoya bilər. Necə ki, Səddam Hüseyn Küveyti işğal etmək istədi və bunu bədəlini canı ilə ödədi, molla rejimi də Azərbaycana atacağı raketlə öz sonunu gətirəcək.

Nəticə etibarilə mənasız təbliğatlar, “vuraq, ya yox” kimi populizmlər artıq işə yaramır.

SEPAH onsuz da hər il Azərbaycanı hədələyir,  İsraili “Yer üzündən silir”, ABŞ-ı “məhv edir”.

Ancaq həqiqət budur ki, ABŞ İrana qarşı beynəlxalq koalisiya qurur, İsrail İranın strateji hərbi obyektlərini bombalayır. Azərbaycana gəldikdə isə Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində İranın casus şəbəkəsinin 39 nəfəri saxlanılıb. “Salamnyus” informasiya agentliyi və “İnteraz” telekanalının rəhbəri Hacı Mətləb də saxlanılanlar arasındadır.

Odur ki, Məhəmməd Motlaq “Bakıdakı hərbi obyektlərin raketlərlə vurulmasına razısınızmı?” sorğusunu keçirməyində olsun. Yüz deməkdənsə, bir etmək yaxşıdır. Necə ki, biz demədən edirik!

Turan Rzayev
Globalinfo.az saytının siyasət yazarı