İran inkar etdi: Türkiyə PUA-sı yox, Hind okeanının şimalındakı…

19 mayda qəzaya uğrayan Prezident İbrahim Rəisinin helikopterinin qəza yerinin tapılması ilə bağlı İran Baş Qərargahının açıqlaması diqqət çəkib. Belə ki, açıqlamada Rəisinin helikopterinin qəza yerini “Akınçı” PUA-sının tapması barədə məlumat təkzib edilib.

“Olduqca əlverişsiz hava şəraitinin mövcudluğu, regionun coğrafi mürəkkəbliyi, eləcə də İranın SAR radarı ilə təchiz olunmuş qabaqcıl PUA-larının Hind okeanının şimalında missiyada olması və helikopterin düşdüyü bölgədən uzaq məsafədə yerləşməsi səbəbindən xilasetmə qüvvələri axtarışlara qaçılmaz olaraq qurudan başladı. Dost ölkələr əməkdaşlıqlarını elan etdikdən sonra Baş Qərargah ən yaxın ölkənin, yəni Türkiyənin təklifinə razılıq verdi. Lakin Türkiyə bölgəyə gecəgörmə və termal kameralarla təchiz edilmiş PUA göndərsə də, buludun altındakı nöqtələrin aşkarlanması və idarə olunması avadanlığının olmaması səbəbindən helikopterin qəzaya uğradığı yeri dəqiq bildirə bilməyib və Türkiyəyə geri qayıdıb. Nəhayət, bazar ertəsi səhər tezdən helikopterin qəzaya uğradığı yer Hind okeanının şimalındakı missiyadan gətirilən İran PUA-sı və quru xilasetmə qüvvələri tərəfindən aşkar edilib”, – Baş Qərargahdan qeyd edilib.

p“Akınçı” PUA-sının axtarışı və qəza yerini tapmasını canlı olaraq 6 milyon şəxs izləməsinə baxmayaraq İran tərəfi niyə bunu təkzib edir? 

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, bu yanaşma qərəzlidir:

“Türkiyə İranın regionda əsas rəqib gördüyü ölkədir. Çətin vəziyyətdə qaldıqda Tehran Ankaradan kömək istəsə də sonda prestij baxımından edilən yaxşılıqları unudur. Yəni bir növ biz Türkiyədən asılı deyilik özümüz də bacararıq deyirlər.

Məsələnin ictimaiyyətə bu cür yansıması görünür, Tehranı narahat edir. Nəzərə alsaq ki, İranda milyonlarla türk yaşayır və bir çoxu da Türkiyəyə simpatiya bəsləyir, Tehranın yanaşması başadüşüləndir.

Bundan başqa bir məqam da var ki, ölkə daxilində Türkiyəyə baxış birmənalı deyil. İranın Türkiyə ilə yaxınlaşmasını istəyən qüvvələr kimi bu yaxınlaşmadan narahat olan qüvvələr də var. Mümkündür ki, elə bu açıqlamanın verilməsində həmin qüvvələrin marağı və təsiri olub.

Bütün bunlara baxmayaraq “Akınçı” PUA-sının axtarışı və qəza yerini tapması danılmaz bir faktdır”.

Turan Rzayev 

Globalinfo.az