İran generalı Bakını təhdid etdi, dözə bilmədiklərini dedi

“İran Qafqaz regionunda sərhədlərin dəyişdirilməsinə icazə verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri İranın quru qoşunlarının komandanı general Kiyumərs Heydəri deyib.

K.Heydəri Qafqazda bir neçə həssas məsələnin olduğunu söyləyib:

“Hazırda bəzi ölkələrin sərhədləri daxilində sionist rejiminin ünsürləri var. İran bu ünsürlərin regionda olmasına dözmür və buna qarşıdır. Regionda dövlət sərhədlərinin dəyişdirilməsi isə qanunsuzdur. İran qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşır və hər hansı dəyişikliyə imkan verməyəcək”.

Qeyd edək ki, rəsmi Bakı daha əvvəl İranın Azərbaycandakı sionist ünsürlərlə bağlı iddiasını əsaslandırmasını tələb edib. Lakin Tehran hər hansı fakt təqdim edə bilməyib.

İranın Zəngəzur dəhlizi məsələsində isə Ermənistana havadarlığı davam edir. Azərbaycanın əraziləri, eləcə də İran-Azərbaycan sərhədinin bir hissəsi 30 ilə yaxın işğalda qaldığı vaxt İran hərbi-siyasi dairələri rəsmi İrəvana qarşı belə prinsipiallıq nümayiş etdirmirdilər.

Ayşən Mustafa
Globalinfo.az