Ali dini liderə yaxın olan mənbələrin verdiyi məlumata görə, ölkədə baş verən iğtişaşları təşkil və idarə etdiklərinə görə kürd qruplaşmalarının Şimali İraqdakı düşərgələrini havadan bombalayan İran rejimi bununla kifayətlənməyib, quruda hərəkata başlamaq istiqamətində ciddi hazırlıq görür. Bu, faktiki olaraq İraq torpaqlarına İranın hücumu deməkdir və görünür, İran qonşu ölkənin ərazisini işğal etməyə hazırlaşır. Bu məqsədlə artıq İranın Şimali İraqla sərhədinə ağır texnika və İHA-ların yığılması davam edir. Eyni zamanda, İran dövləti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına məktubla müraciət edərək kürd qruplaşmalarının zərəsizləşdirilməsini istəyib. Təbii ki, bu müraciəti İranın Şimali İraqa müdaxilə edəcəyi barədə BMT-yə məlumatı kimi də dəyərləndirmək mümkündür.
Görünür, İran ölkədəki iğtişaşları sakitləşdirmək üçün əlində olan imkanlardan istifadə etsə də buna hələlik nail ola bilmir. Orada hesab edirlər ki, hər hansı bir xarici ölkə ilə kiçik müharibə daxili vəziyyəti sabitləşdirmək üçün vasitə ola bilər. Amma bunun nə dərəcədə effektli olacağını qabaqcadan söyləmək mümkün deyil. İranın bu addımı əks nəticələr də verə bilər. Uzaq və yaxın tariximizdə xarici ölkələrlə müharibənin daxildəki iğtişaşları sakitləşdirməkdə mühüm rol oynaması barədə yetərincə misallar var. Elə İran özü 1980-88-ci illərdə İran-İraq müharibəsindən istifadə edərək yeni yaranmış İslam rejiminə müxalif olan qüvvələrə və ölkədən qovulmuş şahın tərəfdarlarına divan tutdu. İran-İraq müharibəsi İranda İslam dövlətinin qurulmasında mühüm rol oynadı.
Amma bu dəfə İraqla müharibə İran üçün istədiyi nəticəni verməyə bilər. Çünki 40 il bundan əvvəlki müharibə həqiqətən xarici ölkə – İraqın İrana müdaxiləsi və ərazi iddiası ilə əlaqədar baş vermişdi. Digər ölkələr İranın bu məsələdə günahsız olduğunu bilirdilər. Ona görə də İraqa yardım edən ölkələr olduğu kimi, İranın da yanında SSRİ kimi dövlətlər vardı. İndi isə vəziyyət tamamilə fərqlidir. Bu gün bütün mütərəqqi dövlətlər İranda gedən nümayişlər zamanı dinc sakinlərə tutduğu divana görə hökuməti qınayır və onu insan hüquqlarını ciddi şəkildə pozduğuna görə günahlandırırlar. Digər tərəfdən, İraqa müdaxilə aktı baş verərsə, yenə də birmənalı olaraq Rusiyadan başqa bütün dövlətlər İranın əleyhinə mövqe tutacaqlar. Həm region dövlətləri, həm də digər dövlətlər çox qısa zamanda İranı işğalçı dövlət kimi tanıyacaq və ona qarşı daha ciddi sanksiyaların tətbiq olunmasına girişəcəklər. Bu da öz növbəsində ölkə daxilindəki vəziyyətin daha da ağırlaşmasına, iğtişaşların daha da artmasına səbəb olacaq.
Digər tərəfdən, ölkə daxilində heç kim, yəni nümayiş iştirakçıları, narazı kütlə İranın İraqa müdaxiləsinə görə öz mübarizələrindən əl çəkməyəcək. Çünki bu müharibə daxilidəki sabitliyi bərqərar etmək üçün süni yaradılmış müharibə kimi nəzərə alınacaq. İraqın kürdlər yaşayan rayonuna müdaxilə ölkədəki kürd toplumunun daha da qəzəblənməsinə səbəb olacaq.
İran müharibə vəziyyətini əsas gətirərək 1980-88-ci illərdə olduğu kimi müxalif qüvvələrə divan tutmaq yolunu da seçə bilər və rejimin əleyhdarlarını dar ağacına göndərər. Amma bunun da istənilən nəticə verəcəyini düşünmək düzgün olmazdı.
İran odla su arasındadır. Odu seçmək istiqamətində addımlar atır. Bu odun rejimi, yaxud xalqı yandıracağı hələ məlum deyil.
Əlimusa İbrahimov, politoloq
Xüsusi olaraq Globalinfo.az üçün