İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) PUA-larla ABŞ-ın İordaniya və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.
Məlumata görə, Bəhreyndəki “Şeyx İsa” bazasında ABŞ ordusuna məxsus qüvvələrin yanacaq çənləri, anbarları, böyük avadanlıq anqarları və yerləşmə məntəqələri hədəfə alınıb. Bundan başqa, ABŞ ordusunun İordaniyadakı “Əl-Əzraq” bazası da PUA hücumuna məruz qalıb. Sözügedən bazadakı aerodrom, təyyarələrin təmiri və texniki xidmət anqarları, eləcə də yerləşmə məntəqələri vurulub.
Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, ABŞ-ın İrana son zərbələri nəticəsində müharibənin ilkin mərhələyə qayıtdığını demək olar:
“Çünki müharibənin ilk vaxtlarında olduğu kimi, ABŞ İrana hücumlar edir, zərbələr endirir, Tehran isə cavab zərbələri ilə qarşılıq verir. Xüsusilə İranın proksi qüvvələri və ABŞ-ın müxtəlif ölkələrdə yerləşən hərbi bazaları hədəfə alınırdı. Körfəz ölkələri və digər ərəb dövlətləri bu zərbələrdən ən çox təsirlənən tərəflər sırasında idi.

Kazım Kazımov
ABŞ regiondan uzaqda yerləşir. Buna görə də Körfəz ölkələrində və digər regional dövlətlərdə yerləşən hərbi bazalardan istifadə edir. İran da məhz buna görə həmin ölkələri hədəf alır.
Mövcud vəziyyət, əlbəttə ki, ərəb ölkələrini narahat edir. Çünki onlar faktiki olaraq müharibə təhlükəsi ilə üz-üzədir. SEPAH hesab edir ki, regional gərginlik artdıqca, region ölkələri hücumların dayandırılması üçün ABŞ-a təzyiq göstərəcək”.
Turan Rzayev
Globalinfo.az