SOCAR-ın İsrail həmləsi: ölkəyə valyuta axını ola bilər

BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə İsrailin təbii qazın kəşfiyyatı üzrə lisenziyalaşdırma raundunda iştirak ediblər. Bu isə Şərqi Aralıq dənizi hövzəsinə artan beynəlxalq marağın son əlamətidir. Bu barədə “Reuters” öz mənbələrinə istinadən bildirib.

BP və SOCAR İsrailin NewMed Energy (NWMDp.TA) şirkəti ilə birlikdə bazar günü başa çatan dördüncü lisenziyalaşdırma raundu çərçivəsində iki dəniz bloku üçün müraciət ediblər.

Bəs, məsələnin bizim üçün əhəmiyyəti necə dəyərləndirilməlidir? Bunun bütöv çərçivədə Azərbaycan iqtisadiyyatı üçün nə kimi faydaları olacaq?

Mövzunu Globalinfo.az-a dəyərləndirən iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov bildirib ki, sözügedən məsələ ölkəyə valyuta axınını artıra bilər:

“Sözsüz ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq miqyasda layihələrdə iştirakının təmin edilməsi Azərbaycan şirkətlərinin beynəlxalq səviyyədə təmsili, mövqeləşməsi nöqteyi-nəzərindən müsbət hal kimi dəyərləndirilə bilər. Bunun gələcəkdə ölkəmizə valyuta axınlarına şərait yaratması da mümkündür. Amma hesab edirəm ki, Azərbaycanda daxili neft və qaz emalı, xüsusilə neft-qaz kimyasının inkişafı ilə bağlı potensial imkanlar və çağırışlar var. Onların reallaşdırılması valyuta daxilolmaları, ölkə iqtisadiyyatının şaxələnməsi, daha yüksək texnoloji və əməkhaqqı tutumlu iş yerlərinin açılmasına şərait yarada bilər”.

“Eyni zamanda, bunlar bütövlükdə milli iqtisadiyyatda yüksək əlavə dəyər tutumlu sahələrin inkişafı aspektindən müsbət və fundamental nəticələr verə bilər. Bu baxımdan düşünürəm ki, SOCAR-ın investisiya portfeli ölkə daxilindəki layihələrə istiqamətlənməlidir. Çünki belə layihələrin reallaşdırılması milli iqtisadiyyatımızda dayanıqlılığın əsaslı şəkildə artmasına şərait yaratmalıdır”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az