İqtidar və müxalifət İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti haqda danışdı

Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Hansı ki, bu mərhələdə biz 30 illik işğalın tamamilə sonlandığının, separatçı ünsürlərin ölkədən təmizləndiyinin şahidi olduq.

20 ildə 200 ilə yaxın bir işin öhdəsindən gələn Prezident İlham Əliyev ölkəmizin gələcək strategiyası üçün də mühüm işlər görür.

Hikmət Babaoğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, 15 oktyabr 2003-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni bir başlanğıcdır:

“Azərbaycan xalqının böyük səs çoxluğu ilə İlham Əliyevin prezident seçilməsi dövlətçilik tariximizdə tarixi zəfərimizə gedən yolun başlanğıcı oldu. 2003-cü il həm də böyük dövlət xadimi Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin xarici və daxili siyasətinin davam etdirilməsi hadisəsi oldu.

Şübhəsiz ki, 2003-cü il həm də yeni bir əsrin başlanğıcı idi. Yeni əsrdə dövlətimiz, xalqımız qarşısında yeni çağırışlar, vəzifələr dayanırdı. Hər şeydən öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi çətin bir missiya qarşımızda dayanırdı.

Əlbəttə ki, bu məqsədə çatmaq üçün güclü iqtisadiyyatı təmin etmək tələb olunurdu. Azərbaycan Prezidenti ötən 20 il ərzində məqsədyönlü şəkildə iqtisadiyyatın gücləndirilməsi üçün addımlar atdı. Təsadüfi deyil ki, nəticədə məqsədimizə nail olub ərazi bütövlüyümüzü bərpa etdik.

Tarixi qələbəyə gedən yolda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini gücləndirmək də tələb olunurdu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi torpaqlarımızn işğaldan azad edilməsi üçün hüquqi bazanı genişləndirmək lazım idi. Bunun üçün isə güclü müttəfiqlər, tərəfdaşlar qazanmaq vacib idi. Bütün bunlara isə ən nəhayətində nail olduq.

20 il ərzində həm də ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Güclü hərbi sənaye yaradıldı. Yeni texnologiyalar ölkəyə cəlb edildi. Bu texnologiya ilə işləməyi bacaran kadrlar yetişdirildi.

Birinci Qarabağ müharibəsində məğlub olmuş ordumuzun gücləndirilməsinin ən önəmli tərəfi isə mənəvi baxımdan oldu. Məğlub ordu psixologiyasından çıxıb qalib ordu psixologiyasının qəbul edilməsi üçün işlər görüldü.

Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində qalib oldu. Davam edən 3 il ərzində də konstitusiya quruluşu hər qarış torpağımızda təmin edildi. 100 illik problem həll edildi”.

Müşfiq Cəfərov

Deputat Müşfiq Cəfərov isə deyib ki, bu gün Azərbaycan Respublikası tarixinin ən güclü, qüdrətli dövrünü yaşayır:

“Ölkə başçımız cənab İlham Əliyev tərəfindən vurğulandığı kimi, “müstəqilliyimiz heç bir zaman bu qədər möhkəm olmamışdır”.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi. Dövlət başçımız ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək həqiqi lider olduğunu bir daha sübuta yetirmişdir. Bu gün bütün dünya Azərbaycan Respublikasının Prezidentinin verdiyi sözlərə istisnasız əməl edən, sözündən dönməyən biri olaraq tanıyır və qürurverici haldır ki, bu keyfiyyətlər bütövlükdə Azərbaycan xalqına şamil edilir.

Hələ 2003-cü ilin sentyabr ayında BMT Baş Assambleyasında cənab İlham Əliyev Azərbaycanın Baş naziri kimi 58-ci sessiyada çıxış etmiş, xüsusilə də Təhlükəsizlik Şurasının fəaliyyətindəki nöqsanları cəsur bir şəkildə dilə gətirərək, BMT-nin yenidən strukturlaşmasında yeni reallıqların nəzərə alınmalı olduğunu bildirmişdir. 20 il bundan əvvəl dilə gətirilən fikirlər bu günün qlobal konfiqurasiyasında özünü doğruldaraq BMT-nin fəaliyyətindəki disfunksional cəhətləri göstərir.

Regional və qlobal təhlükəsizlik, sülh, dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Prezident cənab İlham Əliyevin xarici siyasət strategiyasının fundamental prinsiplərini təşkil etmişdir.

Azərbaycan tarixdə nadir dövlətlərdəndir ki, on illərdir ona qarşı genosid siyasətilə yanaşı, işğal etdiyi torpaqlarda ekosid, urbisid və kultursid aparan bir dövlətə sülh təklif edərək, iqtisadi inkişaf naminə münasibətlərin normallaşması yolunu seçmişdir. Bu fikir bir daha sonuncu Gürcüstan səfəri zamanı özünü sübuta yetirdi ki, Gürcüstan Azərbaycanın sülhpərvər siyasətini dəstəkləyir, regional inkişaf istiqamətindəki addımlarını alqışlayır”.

Tural Abbaslı

AĞ Partiyanın başqanı Tural Abbaslı deyib ki, onun 23 illik bir siyasi mübarizə tarixi var və bu mübarizə tarixinin 20 ili İlham Əliyevin iqtidarı dövrünə düşür:

“Bu illər ərzində mən həbsdə olmuşam və mənə qarşı haqsızlıqlar olub. İndiki mərhələdə biz Azərbaycanda bütün sahələrdə inkişafın olduğunu deyə bilmərik. Xüsusilə təhsil, səhiyyə, iqtisadiyyatda ciddi boşluqlar və problemlər var.

Biz bunu görürük və birmənalı şəkildə hər şey yaxşıdır deyə bilmərik. Lakin bir məqam var ki, bunu qeyd etmək mütləq lazımdır. Söhbət Qarabağın işğaldan azad edilməsindən gedir. Bu, İlham Əliyevin ən böyük uğurudur. Bu qələbə tarixi qələbədir və İlham Əliyevin 20 illik iqtidarının uğurlu olduğunu demək üçün kifayətdir. Mənim üçün torpaqlarımızın işğaldan azad edilməsi daha vacib və önəmlidir”.

Turan Rzayev
Globalinfo.az