“İlqar Məmmədov xarici dövlətlərin agentidir” – Hafiz Hacıyev

 

“Siyasi partiyalar” haqqında Qanun layihəsinin Milli Məclisdə qəbulundan sonra  yeni müzakirələr başlayıb.

REAL Partiyasının sədri İlqar Məmmədov qanunla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, “Siyasi partiyalar” haqqında Qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələməyi xahiş edib. Onun bu müraciətinə Müasir Müsavat Partiyanın sədri Hafiz Hacıyev sərt reaksiya verib.

Globalinfo.az-a danışan partiya sədri həmkarı haqda sərt ittihamlar səsləndirib:

“İlqar Məmmədov həmişə xarici dövlətlərin agenti olub. Xatırlayırsınızsa, həbsdən çıxanda dövlətdən 300 min alandan sonra tası yatdı. İlqar Məmmədovun dediyi bizim üçün o qədər əhəmiyyət kəsb etmir. Onun ermənipərəst dairələrə işləməsi ortadadır. Bu xahişi də yersizdir. Həm Venesiya Komissiyası və digər dövlətlər bizim yerimizə gəlib Qarabağı alası da deyillər. İlqar Məmmədovun donos verdiyi dövlətlər Xankəndi yolunda duran aktivistlərin qayğısına qalsın. Bu qanun o adamlar üçün pisdir ki, onlar ətrafında adam toplaya bilmir. Parlamentdəki üzvü (Erkin Qədirlini nəzərdə tutur-red.) özü də dedi ki, mən seçilməmişəm, burada məcbur oturdublar”.

İlqar Məmmədov Hafiz Hacıyevin ittihamlarına cavab vermək istəsə, mövqeyini dərc etməyə hazırıq.

Gülnar Səlimova

Globalinfo.az