İlham Şaban: “SOCAR Albaniyada qaz paylayıcı şəbəkənin yaradılmasına töhfə verə bilər”

İlham Şaban

Ötən gün Azərbaycan Prezidenti ilk dəfə Albaniyaya səfər edib. 

Daha öncə bu il Albaniyanın keçmiş Prezidenti İlir Meta Azərbaycanda səfərdə olub. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da ölkəmizə səfər edib.

Albaniyaya səfər çərçivəsində Albaniya Prezidenti Bayram Beqay və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış ediblər.

 

B.Beqay çıxışı zamanı bildirib ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, iki ölkənin geosiyasi əhəmiyyətini artırdığını və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirdiyini vurğulayıb:

“Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik”.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi çox yüksək qiymətləndirdiyini deyib.

Görüşdə iki ölkə prezidenti Albaniyada qaz təsərrüfatının inkişafına verilə biləcək töhfə haqqında da danışıblar.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Globalinfo.az üçün Azərbaycan və Albaniya dövlətlərinin enerji sahəsində strateji əməkdaşlığını şərh edib.

O bildirib ki, Albaniya, Avropaya Azərbaycan qazının əlavə həcmləri çıxarıldığı təqdirdə bizim ölkədən qaz almağı planlaşdırır:

“Azərbaycandan təbii qaz almasından sonra iki ölkə arasında ticarət dövriyyəsinin dəfələrlə artacağı gözlənilir. Hələ ki, ticarət əlaqələrinin səviyyəsi mövcud potensiala uyğun deyil. 2021-ci ildə Albaniya ilə Azərbaycan ticarət dövriyyəsinin həcmi 4,95 milyon dollar təşkil edib. Bunun 0,66 milyon dolları Albaniyadan Azərbaycana idxal, 4,29 milyon dolları isə Azərbaycandan Albaniyaya ixrac təşkil edib”.

Ekspert eyni zamanda qeyd edib ki, bu göstərici iki ölkə arasında 2017-ci ilin ticarət dövriyyəsi göstəricisini 9,8 dəfə üstələyir:

“Həmin il Azərbaycanla Albaniya arasında ticarət dövriyyəsi 505 min dollar olmuşdu. Lakin bununla belə ekspertlər yaxın illərdə bu göstəricinin 10 dəfələrə artacağını güman edirlər. Çünki Albaniya ölkə iqtisadiyyatının və əhalinin enerjiyə tələbatını ödəmək üçün bütün ölkəni əhatə edən qaz şəbəkəsi qurmaq niyyətindədir. Bununla bağlı təchizat imkanları öyrənilir”.

İ.Şaban həmçinin bildirib ki, ilkin araşdırmalara görə, bu ölkənin təbii qaza olan tələbatı 1,2 milyard kubmetrə bərabər olacaq:

“Təbii ki, tələbatın böyük hissəsinin bu ölkədən tranzitlə keçən Azərbaycan qazı hesabına təmin ediləcəyi ehtimalı daha yüksəkdir. Bu isə istər-istəməz iki ölkə arasında ticarət dövriyyəsinin on dəfələrlə yüksəlməsinə səbəb olacaq. Həmçinin SOCAR da Albaniyada qaz paylayıcı şəbəkənin yaradılmasına öz töhfəsini verə bilər”.

Gülnar Səlimova,

Globalinfo.az