İlham Əliyevdən tarixi sitatlar

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Globalinfo.az-ın məlumatına görə, dövlət başçısı inauqurasiya mərasimində nitq səsləndirib.

Prezidentin nitqindən bəzi tarixi sitatları təqdim edirik:

– Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

– Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək.

– Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik.

– Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq, dediyim o səbəblərə görə bu gün biz nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq, necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaqdır.

– Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz.

– Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik.

– Nəhayət, Azərbaycan-Ermənistan münasibətləri. Mən çıxışımın sonunda bu məsələyə təsadüfən toxunmuram. Hesab edirəm ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik.

– İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!