İlaxır çərşənbədə hamının yanlış işlətdiyi ifadə

Bayramda insanlar tonqal ətrafına toplaşar, “oddan keçmək üçün” hər kəs öz növbəsini gözləyər, azyaşlı uşaqları isə böyüklər qucağında  oddan keçirərdilər.

Mənə elə gəlirdi ki, bu, sadəcə “od üstündən tullanma” deyil, qədim “oddankeçmə” ritualının elementləridir.

Maraqlıdır ki, “gözdəymə”, yaxud uşaq xəstələndiyi zaman da duzu uşağın başına hərlədib “ağırlığın -uğurluğun bununla yansın” deyərək odda yandırardılar.

Oddan keçərkən (tullanarkən) üç, bəzən də yeddi dəfə söylənilən “ağırlığım, uğurluğum burada qalsın”, “ağırlığım, uğurluğum/oğurluğum odlara”, ağırlığım, buğurluğum odlara”, “ağırlığım, uğurluğum yerlə getsin, Allah ruzumuzu yetirsin” kimi oxşar və fərqli deyimlər də vardır.

“Ağırlığım-uğurluğum”, daha doğrusu, “ağrılığım-uğruluğum” ifadəsi  “arınma”, “günahlardan təmizlənmə” anlayışı ilə bağlıdır.

Bəziləri “ağırlığım- uğurluğum odda yansın” deyərkən “uğurluq” sözünü omofon söz kimi “uğur” kəlməsi ilə eyniləşdirirlər. Əslində isə söz (ağrı– ağrı-uğru, ağırlıq-uğruluq,  ağrılıq-uğruluq, ağrılığım-uğruluğum, yəni “uğurluğum” deyil)  tədricən təhrif edilərək indiki şəklə düşmüşdür.

Göründüyü kimi, “ağırlığım-uğurluğum” ifadəsi ilə “ağrılığım -uğruluğum” deyimi arasında tələffüz fərqi çox az hiss olunduğundan “uğurluq” sözü ilə eyniləşdirilmişdir.

Fikrimcə, ağrı-uğru ifadəsi yux/yıx feili ilə kökdaşdır. Dilimizin bəzi dialekt və şivələrində qədim  ux/yux /yıx feilindən yaranmış “yıxıntı” (xəstə) “yıxılmaq” (xəstələnmək) sözləri bu gün də işlənməkdədir.

Ümumiyyətlə, bu bayrama aid hər bir sözün, ritualın, personajın (məsələn: Kosa, Keçəl və b.) öz mənası vardır. Od üstündən tullanma da sıradan bir ritual deyildir. Qışdan yaza keçməyi simvolizə edir. İnsan ruhən və cismən diriliyə, oyanışa hazır olmalıdır. Qış mürgü, yuxu, tənbəllik, yaz isə oyanış, dirilik simgəsidir. Kosa haqqında əbəs yerə deyilmir ki, “Kosam ikicanlıdır”. Söhbət yaza yüklü olmaqdan gedir. Qış-yaz məsələsi “ölüb-dirilmə” mistik təsəvvürləri özündə ehtiva edir. Yada salaq Osirisi, 12-ci imamı, Hz.İsanı…

Yaz (dirilik) bayramının yaşı çox qədimdir. “Novruz” sözü də bizə yad olmamışdır. Qobustan və Gəmiqayadakı təsvirlərdə novruz adı güzgü üsulu ilə “survan” şəklində keçir ki, bu da eynilə “dirilik” rəmzidir.

İlaxır çərşənbəniz mübarək!

Şahlar Göytürk
Filologiya üzrə fəlsəfə doktoru, dosent