İfşa edilən sabiq baş katibin şok maxinasiyaları: Ermənistanda yuyulan milyonlar

NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussenin rəhbərlik etdiyi, keçmiş baş nazirlər, parlamentarilər və diplomatların daxil olduğu “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrup hesabat hazırlayıb. Hesabatda Aİ və Ermənistan arasında əlaqələrin gücləndirilməsi, Ermənistana dəstək və Aİ-yə üzvlük üçün namizədlik istəyini açıqlamalı olduğu vurğulanıb. Həmçinin Azərbaycan ittiham edilib, Ermənistana qarşı aqressor kimi göstərilərək İrəvanın təhlükəsizliyinin gücləndirilməli olduğu bildirilib.

Xatırlatmaq lazımdır ki, Rasmussen ötən il də Ermənistana səfər etmişdi. Sabiq baş katibin “Project Syndica­te” üçün yazdığı geniş məqalədə La­çın–Xankəndi yolunda ekofəalların aksiyası, Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı həqiqətə uy­ğun olmayan fikirlər yer almışdı. Hələ o zaman Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin NATO-nun keçmiş rəhbərinin Ermənistandan pul aldığını ifşa etməsi diqqət çəkmişdi.

Bəs keçmişi o qədər də parlaq olmayan Rasmussenin hazırda Ermənistanla bağlı bu canfəşanlığının hədəfi nə ola bilər? Sözügedən hesabatın məqsədi nədir? İrəvanı Aİ ilə şirnikləndirərək indiki zamanda nəyə nail olmağa çalışırlar?

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov sözügedən hesabatın sadəcə Cənubi Qafqazda sabitliyin pozulmasına hesablandığını bildirib:

“Ermənistanın Dostları Şəbəkəsi”nün üzvləri əslində heç də İrəvana dost deyillər. Onlar sadəcə öz siyasi maraqlarına xidmət edir. Bu gün həmin şəbəkənin Ermənistan vasitəsi ilə regionu qarışdırmağa çalışdığını açıq şəkildə müşahidə edirik. Normalda dost hesab edilən ölkənin rifahı, iqtisadi sabitliyi həmin qruplar və şəbəkələr üçün maraqlı olmalı idi. Hazırda hər kəsə məlumdur ki, Ermənistanın dövlət olaraq inkişafının yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalayıb, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan keçir. Amma həmin şəbəkə əsla bu gün Ermənistanda acınacaqlı vəziyyət olan xalqı düşünmür. Sadəcə öz maddi hərislikləri və tamahlarını təmin etmək üçün Ermənistanı qızışdıraraq, erməni cəmiyyətinin başını aldadaraq müxtəlif təxribatçı addımlar atırlar”.

Politoloqun sözlərinə görə, Andres Foq Rasmussen NATO-nun baş katibi olarkən də kifayət qədər uğursuz biri idi:

“Hətta Qərbin nüfuzlu analitikləri və beyin mərkəzlərinin nümayəndələri Rasmusseni NATO tarixinin ən bərbad baş katibi adlandırırlar. Onun NATO-dakı vəzifəsindən uzaqlaşdıqdan sonra bu gün erməni lobbisinin çirkli pullarının əsirinə çevrilməsi, həmçinin illeqal gəlirlərdən əldə edilmiş qara pulların yuyulması mexanizmində iştirak edərək dezinformasiyaların ruporu olması, Rasmussen və onun timsalında ermənipərəst şəbəkələrin nə qədər idbar bir siyasi düşüncəyə malik olduğunu göstərir”.

“Rasmussen heç NATO baş katibi olarkən də normal hörmətə və nüfuza malik deyildi. Belə qeyri-ciddi bir adamın erməni mafya və lobbilərinin qara pul “yuma” mexanizminə çevrilməsi hansısa dırnaqarası hesabatının hüquqi və siyasi mənada heç bir çəkisi yoxdur. Hesab edirəm ki, Ramussenin sırf Avropa İttifaqındakı rəsmiləri aldatmaq və manipulyasiya etmək üçün hazırladığı “hesabat” heç bir sənəd üçün istinad edəcək vasitə deyil”, politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az