Laçında tutulan məşhur separatçıları hansı cəza gözləyir?

Bosniya savaşında hərbi cinayətlərə yol vermiş siyasi və hərbi vəzifəlilər həbs edilərək ağır formada cəzalandırıldılar. Başqa münaqişələrdə də belə cinayətkarların layiq olduqları cəzalara məhkum edilmə halları da mövcuddur. Bəs Qarabağda dinc insanları öldürmüş, soyqırımda iştirak etmiş separatçıları nə gözləyir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Azərbaycan öz qanunlarını tətbiq etməlidir:

“Biz hərbi caniləri öz ərazilərimizdə həbs edirik. Ona görə də onların istintaqı, mühakiməsi Azərbaycan qanunvericiliyi əsasında həyata keçiriləcək. Saxlanılanların hamısını Azərbaycan məhkəməsi gözləyir. Buna görə Haaqaya müraciət etməyə gərək yoxdur. İttiham maddələri artıq mətbuatda yayılıb. Onların bir çoxuna ömürlük həbs cəzası nəzərdə tutulub”.

Hüquqşünas onların cəzadan yayına bilməyəcəklərini qeyd edib:

“Əgər sonradan məlum olsa ki, kimlərsə qaçıb gizlənir, artıq o zaman Azərbaycan hökuməti ittiham irəli sürərək beynəlxalq axtarış elan edəcək.

Əgər vaxtilə Ermənistan rəhbərliyində olmuş şəxslərin günahları varsa, o zaman beynəlxalq məhkəməyə müraciət etmək olar”.

Zaira Akifqızı
Globalinfo.az