İyunun 12-də Hindistanın qərbində yerləşən Əhmədabad şəhərindən Londona səfər edən “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. 200-dən sərnişin həyatını itirib. Bu, Hindistanın aviasiya tarixində ən ağır qəzalardan biri sayılır.
Globalinfo.az xəbər verir ki, “Reuters” son illərdə Hindistanda baş verən digər təyyarə qəzalarını araşdırıb.
Agentliyin yazısında qeyd olunur ki, 1978-ci ilin yanvar ayında “Air India”ya məxsus təyyarə Mumbaydan qalxdıqdan sonra kapitan idarəetməni itirib və hava gəmisi Ərəb dənizinə düşüb. Bütün sərnişinlər – 213 nəfər həlak olub.
Hadisədən 10 il sonra – 1988-ci ildə Mumbay-Əhmədabad reyrini yerinə yetirən “Indian Airlines”a məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb, 130-dan çox sərnişin həyatını itirib.
Oxşar hadisə 1991-ci ilin avqustunda da baş verib. Belə ki, “Indian Airlines”a məxsus Kolkata-İmfal reysini yerinə yetirən təyyarə də eniş zamanı qəzaya düşüb və 69 sərnişin həlak olub.
1993-cü ilin aprelində isə sərnişin təyyarəsi uçuşa qalxan zaman qəza edib. Hadisə Auranqabad şəhərində baş verib. “Indian Airlines”a məxsus “Boeing 737” təyyarə uçuşa hazırlaşan zaman qəzaya uğrayıb, 53 nəfər ölüb.
1996-cı ilin noyabrında isə Səudiyyə Ərəbistanı və Qazaxıstan aviaşirkətlərinə məxsus iki təyyarə Çarxi Dadri şəhəri üzərində havada toqquşub, nəticədə 350-dən çox sərnişin ölüb.
2000-ci ilin iyulunda isə “Alliance Air” aviaşirkətinə məxsus daxili reys icra edən təyyarə Patna şəhərində yaşayış sahəsinə düşüb. 50-dən çox insan həyatını itirib.
2010-cu ilin mayında “Air India”ya məxsus Dubaydan gələn “Boeing 737” təyyarəsi Manqaluru hava limanında eniş edə bilmədən zolağı keçərək uçuruma düşüb. Hadisə zamanı 158 nəfər ölüb.
2020-ci ilin avqustunda isə “Air India Express”ə məxsus “Boeing 737” təyyarəsi Kozhikode şəhərində şiddətli yağış zamanı uçuş-enmə zolağından çıxaraq dərəyə yuvarlanıb. 21 nəfər həlak olub.
Aysel Əliyeva
Globalinfo.az