İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi deyib: “ABŞ Prezidenti Donald Tramp İranın müharibəyə son qoymaq təklifinə cavab vermədi və danışıqlar dayandırıldı. Əgər diplomatiya İrana qarşı atılan addımların müəyyən bədəli olduğunu nümayiş etdirə bilsə, biz diplomatik yolu üstün tutarıq. Müharibə baş verəcəyi təqdirdə, kabel xətləri, məlumat mərkəzləri və süni intellekt obyektləri hədəfə çevrilə bilər. Biz dünya iqtisadiyyatını silkələyəcək daha bir neçə vacib aktivi hədəf alacağıq”.
ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlaya biləcəyi ilə bağlı xəbərlərin intensivləşdiyi bir vaxtda bu açıqlama diqqət çəkir. Heç kimə sirr deyil ki, İranın ata biləcəyi ən ciddi addımlardan biri beynəlxalq internet kabellərini hədəfə almaq ola bilər.
Əvvəla onu deyim ki, İranın sualtı internet kabellərini hədəfə almaqla bağlı təhdidlərinin əsas məqsədi dünya internetini tamamilə kəsməkdən daha çox, regionun rəqəmsal əlaqələrinə zərbə vurmaq və beynəlxalq təzyiq yaratmaq ola bilər. Bu baxımdan iki əsas istiqamət diqqət çəkir: Hörmüz boğazı və Qırmızı dəniz.
Hörmüz boğazı İran üçün coğrafi baxımdan həssas nöqtədir. Buradan Fars körfəzi ölkələrini beynəlxalq şəbəkələrə bağlayan sualtı kabellər keçir. Bu xətlərin zədələnməsi Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının bəzi hissələrində internetin sürətinə, bank əməliyyatlarına, məlumat mərkəzlərinin və bulud xidmətlərinin işinə ciddi təsir göstərə bilər. Bununla belə, Beynəlxalq Kabel Mühafizəsi Komitəsinin məlumatına görə, Hörmüz boğazından keçən xətlər qlobal beynəlxalq internet tutumunun 1 faizindən azını təşkil edir. Buna görə də təkcə bu ərazidəki kabellərin sıradan çıxması dünya internetinin çökməsinə səbəb olmaz.
Daha genişmiqyaslı risk isə Qırmızı dənizdə və Yəmən sahillərində yerləşən Babül-Məndəb boğazı ətrafında yaranan təhlükə ilə bağlıdır. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən əsas rəqəmsal dəhlizlərdən biridir. Buradakı bir neçə kabelin eyni vaxtda sıradan çıxması Avropa, Yaxın Şərq və Asiya arasında məlumat ötürülməsini çətinləşdirə, internet bağlantısında gecikmələrə və bəzi xidmətlərdə fasilələrə səbəb ola bilər.
Subyektiv yanaşmam ondan ibarətdir ki, mümkün hücumun Babül-Məndəb istiqamətində baş verməsi ehtimalı daha çox diqqətə alınmalıdır. Çünki husilər bu ərazidə aktivdirlər və belə bir ssenari daha real görünür. Sözügedən vəziyyətdə əsas problem təkcə internetin yavaşlaması deyil, həm də zədələnmiş kabellərin nə qədər müddətə bərpa ediləcəyidir. Hərbi münaqişə şəraitində təmir gəmilərinin əraziyə daxil olması çətinləşə bilər. Bu isə bank sistemlərindən beynəlxalq ticarətə, rəqəmsal platformalardan süni intellekt və bulud xidmətlərinə qədər bir çox sahədə əlavə problemlər yarada bilər. Alternativ xətlər mövcud olsa da, onlar bütün yükü dərhal daşımaq üçün kifayət etməyə bilər.
Nəticə etibarilə, İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması ilk növbədə Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər. Qırmızı dənizdə də eyni vaxtda genişmiqyaslı pozuntu baş verərsə, təsirlər daha böyük coğrafiyaya yayıla bilər. Lakin bu, avtomatik olaraq qlobal internetin tamamilə dayanması demək deyil. Şəbəkə alternativ marşrutlarla işləməyə davam edər, əsas risk isə bağlantının zəifləməsi, xidmətlərdə fasilələrin yaranması və təmir prosesinin uzanması olar.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı