“Bəzən bir fermerin tarlada dediyi söz bizə onlarla səhifəlik hesabatdan daha çox şey öyrədir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında deyib.
Deputat bildirib ki, bir müddət əvvəl aqrar sahə ilə bağlı qanun layihəsinin ictimai dinləməsi zamanı Sabirabaddan olan pambıqçı fermer Əfraz Əsgərovla tanış olub.
Fermerin dəvətini qəbul edərək Sabirabada səfər edən Razi Nurullayev yerli fermerlərin təsərrüfatlarında olub və onlarla görüşüb:
“Bu səfərdən iki mühüm nəticə çıxardım. Birincisi, xanım sədr, sizə təşəkkür edirəm ki, parlamentə ictimai dinləmə mədəniyyətini gətirmisiniz. Bu, sadəcə insanları dəvət edib dinləmək deyil. Bu, qanunu qəbul edənlə həmin qanunla yaşayan insan arasında körpü qurmaqdır. İkincisi, bir daha əmin oldum ki, biz insanlara parlamentin qapılarını açmaqla bərabər, nə yaxşı ki, özümüz də onların qapısını döyürük. Fermerin dərdini tarlada, sahibkarın problemini iş yerində, zəhmət adamının qayğısını onun yanında daha yaxşı anlamaq olur. Çünki onlar problemləri hər gün yaşayırlar, biz isə çox vaxt yalnız bizə danışanda eşidirik”.
Razi Nurullayev ictimai dinləmələrdə fermerlərin, sahibkarların və müxtəlif peşə sahiblərinin səsinin daha çox eşidilməsini arzuladığını qeyd edib:
“Bir həqiqətə inanıram: yaxşı qanun yalnız kabinetlərdə yazılmır. Yaxşı qanunun bir ucu parlamentdə, digər ucu xalqın içində olmalıdır. Bununla yanaşı, unutmaq olmaz ki, xalqı dinləmədən onun üçün ən doğru qərarı vermək mümkün deyil”.
Deputat hesab edir ki, “Aqrar sahə haqqında” qanun kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər. Bununla belə, onun sözlərinə görə, qanuna yalnız dövlətin deyil, səhər tezdən tarlasına gedən, dolanışığını torpaqdan gözləyən sadə kəndlinin gözü ilə də baxmaq lazımdır.
Razi Nurullayev çıxışında iki əsas məsələyə diqqət çəkib. Bunlardan birincisi fermerlərin yetişdirdikləri məhsulun qiyməti ilə bağlıdır.
“Fermer torpağı şumlayır, toxum səpir, aylarla əziyyət çəkir, borca girir, təbiətin bütün risklərini öz üzərinə götürür. Amma məhsul yetişəndə çox vaxt onun qiymətini başqası müəyyən edir.
Qəribə mənzərədir: məhsul fermerindir, zəhmət fermerindir, risk fermerindir, amma son sözü çox vaxt fermer demir!
Bəzən məhsulu alan şirkət qiyməti aşağı salır, ödənişi gecikdirir, fermer isə çıxılmaz vəziyyətdə qalır. Çünki onun məhsulu anbarda illərlə gözləyə bilməz, ailəsi də qazancsız yaşaya bilməz”.
Razi Nurullayev bu problemin həlli üçün fermerlə alıcı arasında müqavilə münasibətlərinin daha ciddi hüquqi təminatlarının müəyyənləşdirilməsini təklif edib.
Onun sözlərinə görə, qiymətin hesablanması, məhsulun keyfiyyətinin qiymətləndirilməsi və ödəniş müddətləri şəffaf olmalıdır.
“Fermer alıcı qarşısında hüquqsuz və asılı vəziyyətdə qalmasın”, – deyə deputat vurğulayıb.
Razi Nurullayevin diqqət çəkdiyi ikinci məsələ isə suvarma suyunun bölgüsü ilə bağlıdır. O, qanun layihəsinin 12-ci maddəsində sudan səmərəli istifadə ilə bağlı mühüm müddəaların yer aldığını xatırladaraq kəndlərdə suvarma ilə bağlı problemlərin mövcud olduğunu deyib.
“Bəzən bir tərəfdə yüzlərlə hektar torpaq suvarılır, o biri tərəfdə isə kəndli əkdiyi torpağına su tapa bilmir. Arxın başında olan su götürür, arxın sonunda olan isə göyə baxıb yağış gözləyir.
Bu, artıq təkcə su çatışmazlığı deyil, həm də suyun bölgüsündə ədalət məsələsidir. Biz su ehtiyatlarını artırmaqla yanaşı, mövcud suyun kimə, nə vaxt və nə qədər verildiyini də bilməliyik”, – deyə deputat bildirib.
O, suvarma suyunun bölgüsü üzrə açıq və şəffaf uçot sisteminin yaradılmasını, suvarma qrafiklərinin ictimaiyyətə açıqlanmasını və bölgüyə ictimai nəzarətin təmin edilməsini təklif edib. Deputat, həmçinin kiçik fermerlərin suya çıxış hüququnun iri təsərrüfatların maraqları qarşısında müdafiəsiz qalmamalı olduğunu qeyd edib.
“Kəndlinin iki böyük ümidi var: torpağına su gəlsin, yetişdirdiyi məhsulun da haqqını alsın.
Bu iki məsələni həll edə bilsək, kənd təsərrüfatına ən böyük dəstəyi vermiş olarıq. Çünki kəndli bizdən möcüzə istəmir. O, sadəcə zəhmətinin qarşılığını və ona düşən suyun vaxtında verilməsini istəyir. Torpağa su, zəhmətə qiymət, kəndliyə ədalətli yanaşma!”.
Safura Bənnayeva
Globalinfo.az