“Bizdə ordu əsasən iki kateqoriyadan ibarətdir: çağırış əsasında xidmət edənlər və müqavilə əsasında xidmət edənlər. Qanun layihəsinə təklif olunan düzəlişdən belə anlaşılır ki, bu dəyişiklik əsasən çağırış üzrə hərbi xidmət keçənlərə şamil olunacaq. Müqavilə əsasında xidmət edənlərin isə əməkhaqqı, gələcəkdə tutacaqları vəzifə və digər şərtlər xidmət müddətini əhatə edən müqavilədə əvvəlcədən müəyyən edilir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
“Təhsil formalarına da nəzər salmaq lazımdır. Magistratura və doktorantura səviyyələri göstərilir. Ümumiyyətlə, bu təhsil sahələri ordu ilə əlaqəli olmalıdır. Filologiya və ya fəlsəfə ixtisaslarının magistratura səviyyəsində tədrisinin orduya nə aidiyyəti var? Fəlsəfəçi orduda fəlsəfə dərsi deyəcək, yoxsa filoloq şeir oxuyacaq? Əsas diqqət riyaziyyat, fizika, kimya və coğrafiya kimi sahələrə yönəldilməlidir. Bu, həm də orduda texnikalarla işləmək baxımından əhəmiyyətlidir. Əgər biz ordumuzu NATO standartlarına uyğunlaşdırırıqsa, onun nizamnaməsi, hərbi xidmətkeçmə qaydaları və bu sahədəki qanunvericilik də həmin standartlara uyğun hazırlanmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az