ehali virus

Azərbaycanda qripə qarşı pulsuz peyvəndləmə başlayıb. Belə ki, 2026-2027-ci illərin payız-qış mövsümü üçün ölkəyə yeni vaksin ehtiyatları gətirilib. Vətəndaşlar peyvəndi yaşayış və ya iş yerlərinə yaxın dövlət poliklinikalarında ödənişsiz vurdura bilərlər.

Qripə qarşı vaksinasiya hansı şəxslərə tövsiyə olunur? Hazırda yayılan qrip virusu nə dərəcədə təhlükəlidir? Əhalinin vaksinasiyaya cəlb olunmasını zəruri edən əsas səbəblər hansılardır?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, peyvənd məsələsinə cəmiyyətdə münasibət fərqlidir:

“Yadda saxlamaq lazımdır ki, bu gün kütləvi insan tələfatlarının qarşısının alınmasında peyvəndlərin də mühüm rolu var. Dünyanın ən təhlükəli infeksiyalarından biri olan təbii çiçək peyvəndləmə sayəsində kökünü kəsib. Vaxtilə bu xəstəliklə bağlı epidemiyalar zamanı milyonlarla insan həyatını itirirdi. Əvvəllər difteriya, göyöskürək və digər infeksiyalar səbəbindən çoxlu sayda uşaq dünyasını dəyişirdi. Poliomielit nəticəsində əlillik halları da geniş yayılırdı. Bu gün həmin xəstəliklərin yaratdığı ağır nəticələrlə daha az qarşılaşırıqsa, burada peyvəndlərin böyük rolu var. Ona görə də insanlar peyvəndin və ümumilikdə elmin nailiyyətlərinin əhəmiyyətini qiymətləndirməli, təşəkkür etməlidirlər”.

Adil Qeybulla 900x564 1

Adil Qeybulla

Professor bildirib ki, ilk növbədə immun sistemi zəif olanlar, tez-tez qripi keçirənlər və yanaşı xəstəlikləri olanlar peyvənd olunmalıdırlar:

“Bu, onların qripdən qorunmasına kömək edir. Şərt deyil ki, yayılan qrip virus təhlükəli olsun və ya olmasın. Bu, orqanizmə görə dəyişən bir prosesdir, yəni yüngül və ağır formada keçməsi insanın sağlamlığından asılıdır. Peyvənd olunduqdan sonra insan qripə yoluxsa belə, xəstəliyi daha yüngül keçirməsi və ağırlaşma riskinin azalması mümkündür. Nəzərə almaq lazımdır ki, qrip vaksinin ciddi əks təsiri yoxdur. Ona görə də hər kəs peyvəndlənə bilər”.

Qeyd edək ki, qrip virusu ilk dəfə 1933-cü ildə müəyyən edilib, qripə qarşı ilk vaksinlər isə 1930-cu illərin sonlarında hazırlanıb. 1945-ci ildə ABŞ-da qrip vaksininin mülki əhali üçün istifadəsinə rəsmi icazə verilib.

Ləman İmran
Globalinfo.az

Paylaş: