Hindistan Zəngəzur dəhlizinə görə Ermənistana arxa çevirə bilər – Yeni geopolitik şərtlər bunu qaçılmaz edir

 

Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa çalışan Hindistanın Azərbaycan üçün “Fransalaşması” arzuolunmaz və narahatvericidir.

Fransadan fərqli olaraq Hindistan daha ciddi oyunçudur, aqressivdir, eyni zamanda yüksələn gücdür. Rəsmi Yeni Dehli gələcəkdə supergüc olmasa da, xüsusi imkanları olan önəmli güclərdən birinə çevriləcəyi qaçılmazdır.

Maraqlıdır, Zəngəzur dəhlizinə çıxış əldə etmək üçün Ermənistanla əməkdaşlığa razı olan Hindistanı bu və ya başqa yollara öz tərəfimizə çəkə bilərikmi?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Hindistanın mövqeyində köklü dəyişiklik gözləmək əbəs olsa da onun müəyyən mərhələlərdə Ermənistana arxa çevirməsi mümkündür:

“Çünki Dehlinin strateji maraqları bunu tələb edir. Qazandığı güclə dünya nəhəngindən birinə çevrilən Hindistan iqtisadi üfüqlərdə gələcək üçün işıq saçan layihələri cəlbedici görür. Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu ilə yanaşı, Hindistanın pay sahibi olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat koridoruna inteqrasiya edilə bilər ki, bu da Yeni Dehlinin aqressiyalarına son qoyar.

Ermənistan Azərbaycanın başlatdığı sülh və təhlükəsizlik prosesinin önünə tıxac vurmaq niyyətindən əl çəkməlidir, heç olmasa diqqətdə saxlamalıdır ki, Zəngəzur dəhlizi layihəsi qlobal tədarük zəncirlərində yeni həlqə olacaq və bütün güclər burada öz maraqlarını təmin etməyə çalışacaq.

Buna müxtəlif üsullarla maneə yaradan, gah İrana, gah Fransaya, gah da başqa tərəflərə sürüşən Ermənistan unutmamalıdır ki, Azərbaycanın sərhədlərə dair, sülh və təhlükəsizlik modelinə aid strateji baxışları eyni zamanda qlobal missiyaya xidmət edir. Ona görə də, Ermənistan hazırkı tempi saxlasa, Azərbaycan hərbi güc tətbiq etməli olacaq”.

Turan Rzayev
Globalinfo.az