Valideynlərini itirmiş şəhid uşaqlarına kim sahib çıxacaq – Dövlət, yoxsa baba-nənə?

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Elməddin Xasayevin xanımı bir neçə gün öncə vəfat edib. Ailənin iki uşağı valideynsiz qalıb. Bu cür vəziyyətlərdə uşaqlara hansı dövlət qurumu sahib çıxır? Onların bütün ehtiyacları, himayəsi hüquqi baxımdan dövlətə keçir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, öncə ailənin tərkibində kimlərin olması önəmlidir.

Kəmalə Ağazadə

O bildirib ki, ailədə hər kəs varsa, o zaman qəyyumluq birinci dərəcəli qohumlara verilir:

“Yəqin ki, uşaqların nənə-babası, dayı, əmi, xala və ya bibiləri var. Artıq qəyyumluğu onlardan biri götürmüş olacaq. Belə halda burada rəsmi qaydada dövlət tərəfindən qəyyumluq veriləcək və imtiyazlar həmin qəyyuma keçəcək”.

Hüquqşünas Şamil Paşayev deyib ki, uşaqlar şəhid ailəsi statusundadırlar və 18 yaşına qədər də bu statusda qalacaqlar:

“Şəhid ailəsinə aid edilən bütün güzəştlərdən, imtiyazlardan istifadə edə biləcəklər. Əgər uşaqların yaxın nənə-babaları, əmi, dayı, bibi, xalaları varsa, onların himayəsində qala bilərlər. Həmin şəxslər uşaqlar üzərində qəyyum təyin oluna bilər. Adətən nənə və baba sağdırsa qəyyum kimi onlar təyin olunur. Lakin sadaladığım yaxın qohumlar yoxdursa, uşaqlar dövlətin ixtisaslaşdırılmış məktəbinə və ixtisaslaşdırılmış qurumunda yerləşdirilirlər. Belə olan halda isə onların xərclərinin ödənilməsini dövlət öz üzərinə götürür”.

Şamil Paşayev

Hüquqşünas bildirib ki, əgər uşaqlar yaxın qohumlarla qalarlarsa, o zaman  həmin qohum buna görə müvafiq ödəniş əldə edir:

“Eyni zamanda uşaqlar şəhid ailəsinin imtiyaz və güzəştlərindən istifadə etmə haqqına malikdirlər. Bununla bağlı olan aylıq ödəniş nə qədərdirsə, onun da alınması yenidən təmin olunur. Qeyd edim ki, həmin ödəniş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Dost Mərkəzi tərəfindən verilir”.

Zaira Akifqızı
Globalinfo.az