WhatsApp Image 2026 05 23 at 10.24.46

2026-cı ilin ilk dörd ayına aid statistika yenidən acı bir həqiqəti üzə çıxardı: Azərbaycan vətəndaşları pərakəndə ticarətə xərclədikləri hər 100 manatın 50 manat 60 qəpiyini ərzaq məhsullarına sərf edirlər. Bu rəqəm illərdir dəyişmir və iqtisadçıların “kasıblıq göstəricisi” adlandırdığı bir həddə qalmaqdadır.

Müqayisə üçün baxaq: inkişaf etmiş ölkələrdə – Almaniya, Hollandiya, Norveç kimi dövlətlərdə – ailə büdcəsinin ərzağa düşən payı cəmi 10-12% təşkil edir. Baltik ölkələrində bu rəqəm 19-20%, Belarusda 29%, Monteneqroda 33% civarındadır. Bizim ən yaxın qonşularımıza nəzər salsaq: Gürcüstanda 32%, Rusiyada 38%, Ermənistanda 42,9% göstərici qeydə alınıb. Azərbaycan isə 50,6% ilə bu siyahıda yalnız Afrika ölkələrinə – Keniyaya (56,1%) və Nigeriyaya (58,9%) yaxınlaşır.

Bu müqayisə sadəcə rəqəmlərin oyunu deyil, arxasında dərin bir iqtisadi məntiq var. Hələ XIX əsrdə alman statistiki Ernst Engel müşahidə etmişdi ki, insanın gəliri artdıqca ərzağa xərclənən pul mütləq mənada artsa belə, onun ümumi gəlirdəki payı mütləq azalır. Bu qanunauyğunluq günümüzdə də öz gücünü qoruyur. Kasıb ailə əvvəlcə masa arxasında oturub sabahkı investisiyasını deyil, bu gecəki şamını düşünür. Gəlirin böyük hissəsi bazar çantasına gedirsə, təhsilə, sağlamlığa, istirahətə, yığıma pul qalmır. Real alıcılıq qabiliyyəti isə maaş kağızında yazılan rəqəmdən deyil, məhz bu imkanla ölçülür.

Məsələyə daha geniş bucaqdan baxanda bir sual yaranır: maaşlar artırmı? Bəli, müəyyən qədər. Amma problem ondadır ki, ərzaq qiymətlərindəki artım maaş artımını üstələyirsə, insanın aldığı pullara baxmayaraq ərzağa xərclənən faiz azalmır, əksinə, sabit qalır və ya böyüyür. Bu da Azərbaycanda inflyasiyanın gəlir artımının sürətiylə addımlaşmadığına işarədir.

Əlbəttə, bir göstərici ilə ölkənin bütün iqtisadi mənzərəsini çızmaq olmaz. Kirayə qiymətləri, kommunal xərclər, dövlət subsidiyaları, regionlararası gəlir fərqləri – bunların hamısı tablonu tamamlayan detallar kimi nəzərə alınmalıdır. Lakin Engel qanununun iqtisad elminə qazandırdığı ən böyük dərs budur: ərzağın büdcədəki payı nə qədər yüksəkdirsə, insan inkişafı üçün o qədər az yer qalır. 50,6% rəqəmi bunu adi dillə ifadə edir – Azərbaycanda orta ailənin maaşının yarısı hələ ki, sadəcə qidalanmağa gedir.

Akif NƏSİRLİ

Paylaş: