zengezur dehliz 900x522 3

Cənubi Qafqazdakı vəziyyət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşün əsas müzakirə mövzularından biri olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz APA-nın Türkiyə bürosunun suallarını cavablandırarkən bildirib.

    O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə regional, qlobal və ikitərəfli məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.

    “Cənubi Qafqaz çox mühüm əhəmiyyət daşıyır. Ermənistan ilə Azərbaycan arasında mövcud problemlər böyük ölçüdə aradan qaldırılıb. Artıq sülh sazişinin imzalanmasına çox yaxın bir mərhələdəyik”, – deyə Yılmaz bildirib.

    Vitse-prezident qeyd edib ki, gündəmdə duran əsas məsələlərdən biri də Zəngəzur dəhlizidir.

    “Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə, eyni zamanda Orta Dəhlizin inkişafına töhfə verəcək. Çindən Avropaya qədər uzanan bu nəqliyyat marşrutunun daha da güclənməsini hamımız arzulayırıq”, – deyə o vurğulayıb.

    Cevdet Yılmaz əlavə edib ki, Türkiyə həm Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması, həm də Türkiyə-Ermənistan münasibətlərinin tam normallaşması istiqamətində fəal səylər göstərir.

    “Bu məsələdə ABŞ ilə də oxşar baxışlarımız var. Buna görə də Cənubi Qafqaz mövzusunun Ərdoğan-Tramp görüşündə müzakirə olunması təbii haldır”, – deyə Türkiyənin vitse-prezidenti qeyd edib.

    Paylaş: