“Taksi fəaliyyəti ilə bağlı qanunvericilikdə sərnişinlərin, xüsusilə həssas qrupların rahatlığının nəzərə alınmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı deyib.
“Bu gün taksi sürücüləri tətbiq olunan cərimələrdən narazı deyillər. Lakin müəyyən güzəştlərin olmasını istəyirlər. Bir çox insan taksi sifariş verərək işlərini asanlaşdırmaq istəyir. Amma bu gün heç də hər yerdə asanlıqla maşın saxlamağa yer tapılmır, çünki cərimə tətbiqindən narahat olurlar.
Hava şəraiti, insanların səhhəti nəzərə alınmalı, heç olmaya 2-3 dəqiqəlik taksilərə icazə verilməlidir ki, sərnişini düşürə bilsinlər. Məsələn, İçərişəhərdə təşkil olunan tədbirə getmək üçün taksi sifariş verdik və saxlamağa yer olmadığından “Mərkəzi Univermaq” tərəfdə saxlamalı oldu, nəticədə oradan Qoşa Qalaya qədər piyada yol getməlisən ki, bu da kifayət qədər məsafədir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, ictimai əhəmiyyətli obyektlərin, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı.
Safura Bənnayeva
Globalinfo.az