“Hadisəni İranın törətdiyi arqumentini səsləndirə bilmirəm” – ekspertdən səs-küylü açıqlama

“ABŞ Azərbaycanı İranın hədəfinə çevirir”

Son zamanlar ölkədə baş verənlər sabitliyin pozulmasına hesablanan addımlar kimi qiymətləndirilir. Xüsusilə deputat Fazil Mustafaya edilən silahlı hücumun rəsmi şəkildə terror əməli kimi qiymətləndirilməsi insanlarda təhlükəsizlik məsələsi ilə bağlı müəyyən suallar doğurur.  Həmçinin bu terrorun arxasında duranların növbəti hədəflərinin başqa ictimai nüfuzlu şəxslər olduğu ilə bağlı fikirlər var.

Baş verənlər Azərbaycanda ciddi kütləvi qorxuya səbəb ola bilərmi? Bu istiqamətdə hansı addımların atılması uyğun olar? Bütün bunların fonunda nə kimi tədbirlər görülməli, arxasında müəyyən bir dövlətin dayandığı faktlaşdırıldığı halda necə reaksiya verilməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Azərbaycan cəmiyyətində kütləvi qorxu yaratmaq məqsədinin səmərə verməyəcəyini söyləyib:

Əziz Əlibəyli

“Azərbaycanda qorxu indeksinin növbəti dəfə ölçülməsinə ehtiyac var. Kütləvi qorxu yaratma dövlətlər arasında mövcud olan münaqişəli vəziyyətdə istifadə edilən ən populyar təsir mexanizmlərindəndir. Amma qulağımızdan güllə səslərinin çox uzaqlaşdığını, bunu unutduğumuzu düşünmürəm. Vətən müharibəsindən elə də uzun zaman keçməyib. Bu müddət ərzində cəbhədə müəyyən əməliyyatlara da şahid olmuşuq. Yəni hansısa bəlli qrupların silah vasitəsilə taktiki hücumları siyasi terrorizm forması üzərində həyata keçirilməsi ictimai sabitliyin pozulmasına hesablanır. Amma bunu Azərbaycanda ciddi kütləvi qorxuya səbəb olacaq amil kimi qiymətləndirmək doğru deyil. Hələ 1990-cı illərdən etibarən çox böyük itkilər vermişik, amma əsla missiyamızdan əl çəkməmişik. Azərbaycanın coğrafi, siyasi, hərbi mövqeyi, mövcud resursları həyatda qalma mübarizəsində müəyyən bir nöqtədə qərarlaşmasına imkan verir. Biz bu şəraitə aşağı-yuxarı alışmışıq. Amma qorxu yaratmaq üçün səylər bunu planlaşdıran dairələrə ciddi divident verməyəcək”.

Ə.Əlibəyli təhlükəsizlik məsələsinin hazırda bütün dünyada problemə çevrildiyini bildirib:

“Təhlükəsizlik məsələsi qlobal dünyanın problemidir, bir çox ölkədə bu var. Problemlərin böyük əksəriyyətinin kökü mental, sosial, yaxud ideolojidir. Bunlar da dövlət davranışlarına bilavasitə təsir göstərir. Ermənistanda, İranda qarşıdurmalar yaşanır, Türkiyədə seçki sancısı var, Gürcüstanın halı məlumdur, Avropa Rusiya ilə müharibə aparır, Fransa sözün əsl mənasında zibillik içində boğulur, bu cərgəyə artıq Almaniya da qoşulub. Yəni bu prizmadan baxdıqda təhlükəsizlik məsələsi qlobal səviyyədə narahatlıq kimi meydana çıxır. Amma Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyəti yüksək səviyyədədir”.

O, Azərbaycanın İranla münasibətlərinin gərginləşməsinin səbəblərinə aydınlıq gətirərək hazırda dünyada ciddi proseslərin getdiyini və beynəlxalq sistemin dağıldığını qeyd edib:

“Təhlükəsizliyin qorunması üçün yetəri qədər qüvvə var. Amma müəyyən narahatlıqların da yaşanması qaçınılmazdır. Əlbəttə, terrorun arxasında müəyyən güclər, hətta dövlətlər dayanır. Müharibədə qələbə qazandıqdan sonra yeni münasibətlər formalaşdırarkən İranla bağlı mövqeyimizdə dəyişiklik etmiş olduq. Çünki gözlənilmədən meydana güclü Azərbaycan, məğlub Ermənistan çıxdı. İndi isə Azərbaycana qarşı Avropada, Amerikada, İranda, Rusiyada və digər ölkələrdə  qlobal erməniçiliyin böyük maliyyə və kapitalla hücumları başlayıb. Bu onun yan elementləri kimi meydana çıxmaqdadır. Azərbaycan böyüyür və regional dövlətə çevrilmək istiqamətində sürətlə addımlayır. Bəzi ölkələr də dünyada özlərinə yer tapmaq istəyirlər, beynəlxalq sistem buna görə dağılır. Ukraynada davam edən müharibə bunun bilavasitə həlledici, tətikləyici adıdır. Proses hazırda gedir, bəzi ölkələr buna məğlub, yaxud qalib formada, bəziləri isə savaşaraq qoşulur. Biz qalib gəlmişik və zəfərimiz başqalarının maraqlarına tərs düşüb deyə bu ağrıları çəkirik”.

Ə.Əlibəyli ölkəmizdə sabitliyin pozulmasında əsas şübhə hədəfinə çevrilən İrandan daha çox fərqli dairələrin səbəb ola biləcəyini deyib:

“İndi Azərbaycanı uzun illər yürütdüyü balanslı siyasətdən üz döndərməyə və tərəf seçməyə məcbur edirlər. Azərbaycan buna doğru gedirikmiş kimi görünür, strateji itkilər və qazanclar arasında buraxılmağa çalışılır. Məsələn, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin açıqlaması var ki, burada İran ilə mübarizədə Azərbaycanın sərhədlərinin qorunmalı olduğu qeyd edilir. Beləliklə, ölkəmizi İran qarşısında hədəfə çevirir, vitrinə qoyur. İranla müharibəyə başlamağımızı istəyən ölkələr var, onlardan ilk ağıla gələni Ermənistandır. İrəvanla əlaqələri olan Rusiya xüsusi xidmət orqanlarının da burada marağı var. Bütün bunları nəzərə alaraq hadisələri İranın törətdiyi arqumentini səsləndirə bilmirəm. Ona görə ki, bu proseslə bağlı DTX, DİN və Baş Prokurorluq birgə açıqlama yaydıqları zaman detalların iç-içə, qarışıq olmasının fərqinə varacağıq. Bu sadəcə fərdi, yaxud dövlət məsələsi deyil, regionun və qlobal mübarizəni  elementləridir”.

Ayşən Mustafa

Globalinfo.az