“Güney Azərbaycan türklərinin düşməni İsrail yox, fars rejimidir!” – İranlı politoloqdan şok

guney azerbaycan 640x470 1

“Artıq yüz ildən artıqdır ki, qədim türk şəhəri Təbriz və Güney Azərbaycan coğrafiyası İranda hökm sürən avtoritar rejimlərin sistemli assimilyasiya və təzyiq siyasətinin hədəfinə çevrilib. Türk kimliyinə qarşı yönəlmiş inkar strategiyaları təkcə mədəni basqılarla məhdudlaşmır, həm də insan haqlarının pozulması ilə müşayiət olunan dərin dövlət siyasəti formasını alıb”.

Bu sözləri Globalinfo.az-a iranlı politoloq Məsud Haray deyib.

Onun sözlərinə görə, bu gün Güney Azərbaycanın qarşılaşdığı əsas təhlükə xarici aktorlar deyil, məhz İran mərkəzli ideoloji və sistemli təzyiq mexanizmidir:

“Bu tarixi və siyasi reallıqları nəzərə almadan baş verən hadisələri “İsrail-Türklər” qarşıdurması kimi təqdim etmək son dərəcə səthi və yanıltıcı yanaşmadır. Belə bir oxunuş həm Güney Azərbaycan türklərinin özünəməxsus kimlik mübarizəsini görməməzliyə vurur, həm də regional dinamikanı təhrif edir.

Bu günə qədər İran rejiminin Güney Azərbaycan türklərinə qarşı tətbiq etdiyi zorakılıqları görməzdən gələn, bu zülmlərə səssiz qalan bəzi dairələrin indi İsrailin hücumlarını bəhanə edərək Güney Azərbaycan adına danışmağa başlaması səmimiyyətdən uzaqdır. Təəssüf ki, bu mövqe İran rejiminin siyasi xəttinin davamı kimi görünür.

Əgər məsələ həqiqətən də İsraillə mübarizədən ibarətdirsə, bu mübarizənin ünvanı Güney Azərbaycan olmamalıdır. Heç kim Güney Azərbaycan türklərinin qanuni və haqlı mübarizəsini regional güc savaşlarının alətinə çevirməyə çalışmamalıdır.

mesud haray
Məsud Haray

Unutmayaq ki, Güney Azərbaycanın ən böyük və ən davamlı düşməni yüz ildən artıqdır ki, türk kimliyini hədəfə alan və fars mərkəzli assimilyasiya siyasəti yürüdən İran rejimidir. Buna görə də heç kimin öz ideoloji bağlılıqlarını Güney Azərbaycan adı altında leqallaşdırmağa haqqı yoxdur.

Güney Azərbaycan türklərinin apardığı mübarizə nə məzhəb qarşıdurmasının, nə də geosiyasi maraqlar savaşının tərkib hissəsidir. Bu mübarizə kimlik, mədəniyyət, ana dil və türk insanının ləyaqəti uğrunda aparılan haqq mübarizəsidir. Hər kəsin bu həqiqətə hörmətlə yanaşması təkcə bir məsuliyyət deyil, həm də bir insanlıq borcudur.”

Turan Rzayev
Globalinfo.az