Gerisayım başladı: İsrail tezliklə İrandakı bu yerləri vuracaq – ŞOK İDDİA

“Günlərdir İsraili yer üzündən silməyə and içən İran rejimi bu ölkəyə tarixində ilk dəfə öz ərazisindən zərbələr endirməyə başladı. Dron və raket zərbələri ilə yanaşı İranın bölgədəki terror təşkilatları – Husilər, Haşdi-Şabi, Hizbullah, Qüds gücləri və s. da paralel formada İsrailə raketlərlə hücumlar etdi”.

Bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli İran-İsrail gərginliyi barədə Globalinfo.az-a danışarkən deyib.

O bildirib ki, heç bir strateji rəqabəti olmayan iki dövlətin axşamkı savaşı şou idi:

“Bütün zərbə raketlərinin əksəriyyəti İsrailə çatmamış İordaniya və İraqda zərərsizləşdirildi. İsrailə düşənlərdən isə cəmi 1 faizi bir uşağın yaralanmasına (artıq öldüyü bildirilir – red.) səbəb olub. İsraildə bombalanan zona ərəblərin yaşadığı qəsəbə idi.

Heab edirəm ki, İsrail leqal qaydada (artıq) İranın nüvə laboratoriyalarını vuracaq. İkincisi isə hakimiyyətə şah tərəfdarlarının qayıtmasına çalışacaq”.

Analitik Aqşin Kərimov isə deyib ki, İranla İsrailin birbaşa müharibə aparması inandırcı deyil:

“Hazırda baş verənlər “kölgə müharibə”nin şiddətli halıdır. Bu arada, İranın regionda güclənməsi ABŞ-ın ona yaratdığı şərait fonunda baş tutdu. Çoxu elə bildi ki, ABŞ-ın Əfqanıstana, ardınca İraqa müdaxiləsi İranı da Vaşinqtonun hədəfinə gətirəcək. Amma olmadı, çünki ABŞ ilə İran Əfqanıstan, ardınca İraq məsələlərində sövdələşmişdilər.

Sonradan sövdələşmə ipləri qırıldı, İran fürsətdən istifadə edib proksi qüvvələr formalaşdırdı və nüvə proqramını genişləndirdi”.

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Tehran “qisas” görüntüsü yaratmaq məqsədilə raket zərbələri haqda öncədən Vaşinqtonu məlumatlandırmışdı:

“İran “qisas” məqsədilə İsrailə dron sürüsü göndərir, amma hədəfdə olan ölkə də daxil olmaqla hər kəs “karqo sifarişi”ni gözləyən kimi PUA-ların yolunu gözləyir.

İranın hücumunun hərbi müstəvidə təsirinin nə qədər effektli olacağı mübahisəlidir, lakin bölgədə siyasi təzyiqi yüksəldəcəyi qaçılmazdır. Xüsusilə Tehranın digər ölkələrə qarşı “İsraillə münasibətlərin kəsilməsi” kimi siyasi narsizmə əsaslanan tələbləri aktuallaşa bilər”.

Turan Rzayev
Globalinfo.az