Əsir əsgərlərlə bağlı qərar verildi: Dilqəm-Şahbaz ssenarisi işə düşür

Ermənistan əsir əsgərlərə ittiham irəli sürdü, cinayət işi açılır. Görünür, İrəvan indi də bu iki əsirlə manipulyasiya edəcək. Necə ki, Şahbaz və Dilqəmi neçə illər dustaq etdilər, indi də bu iki gəncin həyatı üzərindən oyunlar gedəcək.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, bu, ikinci Dilqəm və Şahbaz ssenarisidir:

“Nikol Paşinyan əsgərlərimizlə bağlı müxtəlif ssenarilər fikirləşir. Əsgərlərimizə açılan cinayət işi ilə Dilqəm və Şahbaza açılan cinayət işi arasında oxşarlıq var. Burada əsas məqsəd Azərbaycanda saxlanılan erməni diversantların əsgərlərimizlə dəyişdirilməsinə nail olmaqdır. Bu gün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar insan haqları ilə məşğul olan qeyri-hökumət təşkilatları Azərbaycan Ordusunun hərbçilərinə qarşı edilən fiziki zorakılıqları görməzdən gəlir. Human Rights Watch və Amnesty İnternational kimi təşkilatların bu istiqamətdə lazımı addımlar atmaması təəssüf doğurur. Əsirlərin Azərbaycana verilməsi ilə bağlı hər hansı tutarlı iş görmürlər”.

İlyas Hüseynov

Politoloq dünya ictimaiyyətinin bu məsələyə də laqeyd olduğunu söyləyib:

“Əsgərlərimizə qarşı qeyri-insani davranış birbaşa III Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozlmasıdır. Hərbi əməliyyatlarda iştirak etməyən şəxslərə qəddarlığın, anti-humanizmin nümayişi tamamilə qəbuledilməzdir. Rəsmi Bakı əsgərlərimizin ölkəyə qaytarılması üçün beynəlxalq səviyyədə müvafiq addımlar atır. Lakin dünyada siyasi məsələlərə birtərəfli şəkildə yanaşılır. Bu məsələdə də ikili standartlar və selektiv münasibətin şahidi oluruq. Ermənistan əlinə düşən fürsətdən maksimum dərəcədə yaralanmağa çalışır və öz mənfur xislətini bir daha nümayiş etdirir”.

Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Globalinfo.az-a bildirib ki, Azərbaycan Ordusunun əsir hərbçiləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət olunub və məhkəmə qaydalarının 39-cu maddəsinə görə müvəqqəti tədbir qərarının alınması istənilib. O, hazırda hüquqi müstəvidə başqa bir addım atmağın mümkün olmadığını bildirib.

Qeyd edək ki, əlverişsiz hava şəraitinə görə istiqaməti itirib Ermənistan ərazisinə keçən, orada əsir götürülərək işgəncələrə məruz qalan Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı İrəvanda cinayət işi açılıb, onlar həbs ediliblər.

Ayşən Mustafa
Globalinfo.az