Suriyalı miqrantın öz qohumu olan azyaşlıya təcavüz xəbəri bir neçə gündür Türkiyənin başda Kayseri şəhəri olmaqla bir çox bölgəsində etirazlara səbəb olub. Vətəndaşlar suriyalılara məxsus evləri daşlayır, obyektlərə zərər vurur.
Diqqətçəkən məqam isə bənzər olayların Suriyada baş verməsidir. Belə ki, Suriyada qızmış kütlə Türkiyə hərbçilərinə qarşı zorakılıq nümayiş etdirib. Hətta İdlib, Afrin kimi yerlərdə Türkiyə bayraqları endirilib.
Hadisə ilə bağlı türk sosial şəbəkə istifadəçiləri arasında yayılan məlumatda 6 yaşlı azyaşlının türk olduğu yalanı yayılıb. Suriyada isə təcavüzkarın türk, zərərçəkənin suriyalı uşaq olduğu haqda təxribat paylaşılıb.
Baş verən hadisə kim və ya kimlər tərəfindən planlanıb? Hadisənin arxasında hansı xarici qüvvə var?
Globalinfo.az – a danışan yaxın şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Kayseridə baş verən məlum hadisələrdən sonra Suriyada Türkiyə Silahlı
Qüvvələrinin nəzarət etdiyi ərazilərdə ciddi iğtişaşlar yaşanmaqdadır:
“Müxaliflərin nəzarətində olan Şimali Suriya ərazisində Türkiyə bayraqları endirilir, cırılır, yandırılır. Türkiyə dövlət nişanlı avtomobillərə, dövlət idarələrində çalışan əməkdaşlara hücumlar edilir, türk ordusu mənsublarına qarşı provokativ addımlar atılır. Baş verənlərin miqyası, mütəşəkkilliyi onu deməyə əsas verir ki, olaylar yaxşı düşünülüb və əvvəldən planlaşdırılıb. Kayseri olayları isə sadəcə bəhanədir.
İğtişaşların hansı proseslərin fonunda baş verdiyinə diqqət etdiyimizdə, arxasında hansı qüvvələrin durduğunu da aydın görmək olar. Belə ki, son dövrlərdə Türkiyə ilə Əsəd arasında buzların əriməsi prosesi və proses çərçivəsində Rusiya ilə razılaşmalar, yaxınlaşmalar baş verirdi. Eyni zamanda qeyri-rəsmi məlumatlara görə, Türkiyə-Suriya (Əsəd) münasibətlərinin normallaşması məqsədi ilə yaxın vaxtlarda Bağdadda görüş nəzərdə tutulurdu. Baş verən hadisələr isə bu prosesləri ertələyə, hətta ciddi əngəl yarada bilər”.

Vüqar Zifəroğlu
Ekspert deyib ki, Türkiyə bayraqlarını endirənlər Əsəd rejiminə müxalif olan Azad Suriya Ordusudur:
“Bu həmin ASO-dur ki, ABŞ tərəfindən tam dəstəklənir. Mümkün Ankara-Dəməşq dialoqunun qurulması Rusiyanın müəyyən vasitəçiliyi ilə edilir. Bu isə Vaşinqtonun maraqlarına cavab vermir. Yəni yaşananlar həm də Ankaraya bir təzyiqdir.
Baş verən hadisələr eyni zamanda Türkiyə ordusu tərəfindən son günlərdə İraqın şimalında ciddi zərbələr alan PKK və ona yaxın olan bölücü kürd terror qruplaşmalarının da marağındadır. Belə ki, Türkiyənin Suriyanın şimalından çıxması bölücü terror qruplaşmalarına həmin ərazilərə sızması üçün münbit zəmin hazırlaya, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin qonşu İraqın şimalında apardıqları əməliyyatların effektliyini azalda bilər”.
Turan Rzayev
Globalinfo.az