Ermənistan parlamentində türk fraksiyası? – Qərbi Azərbaycana qayıdışın detalları açıqlandı

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır… şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarət­dir ki, dünya ictimaiyyəti də bunu bilsin”. Bu sözlər Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur.

Bəs tarixi Qərbi Azərbaycan torpaqlarına nə zaman geri qayıda biləcəyik? Azərbaycanlıların müxtəlif tarixlərdə bu torpaqlardan qovulduğu, deportasiya edildiyi, soyqırımına məruz qaldığı haqda dünya ictimaiyyətini və xüsusən türk dövlətləri bölgəsi olan Mərkəzi Asiyanı nə qədər məlumatlandıra bilmişik? Ümumiyyətlə, tarixi torpaqlarımıza geri dönüb, orada ermənilərlə birgə yaşayışımız nə dərəcə mümkündür?

Yasəmən Qaraqoyunlu

Tədqiqatçı alim Yasəmən Qaraqoyunlu bu barədə suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik:

– Bu gün Azərbaycan ərazi bütövlüyü, suverenliyi təmin olunmuş ölkədir. Xankəndidə, Xocalıda, Şuşada və digər işğaldan azad edilmiş ərazilərdə sürətli şəkildə bərpa-quruculuq işləri aparılır. İndi artıq Qərbi Azərbaycana qayıdış məsələsi gündəmdədir. Sizcə, Qərbi Azərbaycana qayıdışımız nə dərəcədə mümkündür?

– Hesab edirəm ki, Qarabağ münaqişəsi tarixdə qalıb, hazırda əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır. Ermənistan bu məsələdə konstruktivlik, siyasi iradə nümayiş etdirməlidir.

Sərhədlərin delimitasiya və demarkasiya məsələləri hansı xəritələr əsasında həyata keçirilməlidir? Bu məsələ hələ ki, ictimaiyyətə tam aydın deyil. Lakin görünən budur ki, SSRİ dövründə olan xəritələr əsas götürülür. Azərbaycan burada da ədalətli, beynəlxalq hüquqa uyğun davranış nümayiş etdirir.

– Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər iş görə bilmişik? Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına getmək kimi tarixi hüququmuzu beynəlxalq birlik qarşısında nə qədər qaldıra bilirik?

– Bəli, həqiqətən də Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Amma biz Qərbi Azərbaycana qayıtmaq üçün beynəlxalq təşkilatlar qarşısında hələ kifayət qədər öz məsələmizi qaldıra bilməmişik. Məsələn Mərkəzi Asiya dövlətləri. Bu dövlətlər Qarabağ müharibəsini ən əvvəldən diqqətlə izləyiblər. Bəzi məsələlərdə açıq, bəzi məsələlərdə isə ehtiyatlı mövqe ortaya qoyublar. İndi də ən böyük hədəf Zəngəzur üzərindən Türkiyə ilə Türk dünyası, Mərkəzi Asiya arasında nəqliyyatı təmin etmək kimi tarixi bir zərurət meydana gəlib. Bu məsələdə biz Mərkəzi Asiya region dövlətlərinin dəstəyini almalıyıq. Dəhliz tarixi İpək Yolunu canlandıracağına, həmçinin Türkiyə ilə Orta Asiyanın türk cümhuriyyətlərini quru yolu ilə birləşdirəcək. Çindən Avropaya çox böyük yüklər Orta Asiya və Cənubi Qafqazdan keçərək Avropaya daşınacaq. Bu səbəbdən elə Gürcüstanda yeni limanlar tikilir. Ona görə də Orta Asiya maraqlıdır ki, bu bağlar daha da möhkəm olsun.

Əslində 30 il gecikmişik. Qarabağ erməni işğalı altında olanda belə, 90-cı illərdən etibarən təşkilatlanmalı idik, hüquqlarımızı beynəlxalq təşkilatlardan tələb etməli idik, doğma yurdumuzdan qovulduğumuzu dünya ictimaiyyətinə çatdırmalı idik. Bəlkə bu proses də Qarabağın işğaldan azad olunmasını sürətləndirə, öz ciddi təsirini göstərə bilərdi. Lakin təəssüf ki, 30 il susduq. Yalnız Qarabağ işğaldan azad olunduqdan sonra bu məsələ ətrafında fəaliyyətə başlamışıq. İndi də bu istiqamətdə görülən işlər, göstərdiyimiz fəaliyyətlər kifayətedici, qənaətbəxş deyil. Belə ki, biz hələ də Qərbi Azərbaycan məsələsini BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilməsinə nail ola bilməmişik. Həmçinin beynəlxalq hüquq məhkəmələrində Qərbi azərbaycanlılar məsələsinin müzakirə olunmasına, haqlarının pozulmasına dair hüquqi iddialar qaldırmamışıq. Torpağımızın, vətənimizin, elimizin qəsb olunması haqda Ermənistan hökumətinə qarşı Avropa Məhkəməsində iddialarımız yoxdur. Həmçinin Avropa Parlamentində, Avropa Şurasında, ABŞ Konqresində Qərbi Azərbaycan məsələsi hələ də müzakirə olunmayıb.

Ümumiyyətlə, beynəlxalq ictimaiyyət hələ ki, bu problemdən tam xəbərsizdir. Dövlətin dəstəyi ilə bütün Avropada, Amerikada, eləcə də bütün dünyada azərbaycanlıların Ermənistan tərəfindən deportasiya olunması, qovulması, haqq və hüquqlarının pozulması haqda məsələlər qaldırmalı, beynəlxalq təşkilatlarla müzakirələr təşkil olunmalı, iş qaldırılmalıyıq. Çox təəssüf ki, bunların heç biri olmayıb, həyata keçirilməyib. Baxmayaraq ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti qurulub, bu qurum 30 ildə qeyd etdiyim işləri görə bilmədi. Lakin Qərbi Azərbaycan İcması yaradılıb və əsasən Qərbi azərbaycanlıların siyahıya alınması, təşkilatlanması işini həyata keçirir.

– Əzəli türk yurdu olan Qərbi Azərbaycanda azərbaycanlılar hansı illərdə deportasiyaya məruz qalıb?

– Qərbi Azərbaycanda azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1999-ci illərdə tarixi torpaqlarından deportasiya olunub. 1988-ci ildə keçmiş SSRİ-nin süqutu ərəfəsində erməni millətçi separatizmi yaranmış dağıdıcı proseslərdən istifadə edərək, beynəlxalq hüquq, norma və prinsiplərə zidd olaraq uzun müddətdən bəri planlaşdırdıqları məkrli siyasəti gerçəkləşdirməyə başlayıblar. 250 min azərbaycanlı ağlasığmaz işgəncələrlə Qərbi Azərbaycandan qovuldu və soyqırımına məruz qaldı. Bundan sonra Qarabağ işğal edildi və 1 milyona yaxın insan öz vətənində məcburi köçkünə çevrildi.

1991-ci ilə kimi Qərbi Azərbaycanda ərazi toponimlərinin 90 faizindən çoxu türk mənşəli adlar idi. XIX əsrin əvvəlindən başlayaraq 1994-cü ilə kimi ərazidə olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilib.

İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1918-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi miqyas alıb və 1991-ci ildə müstəqil Ermənistan Respublikası yaradıldıqdan sonra əsasən başa çatıb.

– Əlbəttə, günün birində Qərbi Azərbaycana da geri dönəcəyik. Bəs orada ermənilərlə birgə yaşamağa hazırıqmı?

– Xatırladım ki, Türkiyədə yüz minlərlə erməni türklərlə birgə yaşayır, baxmayaraq ki, Osmanlı dövlətinin dağıldığı dövrdə Türkiyə erməniləri türklərə xəyanət etdilər və Türkiyə torpaqlarında 4-5 milyon türkə qarşı soyqırımı törətdilər.

Həmçinin Gürcüstanın bir çox bölgələrində, kəndlərində ermənilər azərbaycanlılarla bərabər yaşayır. Bundan başqa, deyilənə görə hazırda Azərbaycanda xeyli erməni millətindən olanlar yaşamaqdadır. Doğrudur, bu say haqqında müxtəlif iddialar olsa da, hər halda, Azərbaycanda ermənilərin yaşadığı bir faktdır və necə ki, bu ölkədə onlarla birgə yaşayırıq, eləcə də Qərbi Azərbaycana geri dönəndə bu şəkildə yaşayacağıq.

Amma SSRİ dövründən fərqli olaraq, bu dəfə biz Ermənistanda təşkilatlanacağıq, Ermənistan parlamentində seçkilərdə iştirak edəcəyik, bu parlamentdə türk fraksiyası qurulacaq. Ermənistan hökumətində prioritet əsaslarla iştirak etməli, dövlətin idarə edilməsində, quruculuğunda, hətta Ermənistanda prezident seçkilərində oranın vətəndaşı kimi iştirak etməliyik. Yəni, bəli, ermənilərlə bərabər yaşaya bilərik. Lakin Ermənistana qayıdıb, orada yaşadıqda təhlükəsizliyimizə təminat verəcək bir neçə qarantor dövlət olmalıdır.

Fikrimcə, Ermənistan vətəndaşı olan azərbaycanlılar Ermənistana qayıtdıqdan sonra onların təhlükəsizliyinin qorunması üçün sülh müqaviləsi imzalanarkən Türkiyə, Azərbaycan və Ermənistan arasında həm də bu müqavilə bağlanılmalıdır ki, Türkiyə və Azərbaycan Ermənistandakı azərbaycanlıların təhlükəsizliyinin qarantor dövlətləri olmalıdır. Bu şəkildə biz ora qayıda, ermənilərlə bərabər yaşaya bilərik.

Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Zaira Akifqızı
Globalinfo.az