Ermənistan silahlandırılır – İlk cəhddə ordumuz məhv edəcək

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, Ermənistan mütəmadi olaraq silahlandırılır və bəzi ölkələr regionda gərginliyin qalmasından maraqlıdırlar. Dövlət başçısı qeyd edib ki, istənilən təhlükəyə qarşı adekvat cavab veriləcək.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan zəifləyən ordusunu normal vəziyyətə gətirmək üçün bir sıra ölkələrlə əməkdaşlığa başlamağı qarşısına məqsəd qoyub:

“İran, Rusiya və Hindistandan silah tədarük edir. “Global Fire Power”in dərc etdiyi hesabatda Azərbaycan 59, Ermənistan isə 102-ci yerdədir. İrəvan da buradakı reytinqini yüksəltməyə çalışır. Yaxın bir neçə ildən sonra hətta müharibəyə başlamaq ehtimalı da az deyil. Burada isə əsas hədəflər Azərbaycan və Gürcüstan hesab edilir. Azərbaycan da ordusunu kadr və silah-sursat baxımından inkişaf etdirir”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın bufer zonadan güzgü qaydasında geriçəkilmə təklifi mümkünsüzdür:

“Danışıqlar prosesini dalana dirəmək, sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün bəhanədir. Prezident İlham Əliyev yanvarın 10-dakı müsahibəsində bəzi məsələlərə münasibət bildirdi. İrəvan da buradan özünə aid olan mesajları qəbul edib. Milli təhlükəsizliyimizə və maraqlarımıza təhlükə yarada bilən istənilən addıma Bakı adekvat cavab verəcək. Sərhəddə və ikitərəfli münasibətlərdə səmimi olmalıdır”.

Ü.Cəfərov qeyd edir ki, Ermənistanın silah alması daxili məsələdir:

“Fransanın bu addımı müsbət məqsəd güdmədiyini göstərir. Onu silahlandıran ölkələr regionda gərginliyin artması üçün əlindən gələni edir. Diplomatik müstəvidə narazılığımızı dilə gətirsək də bu proses davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az