Ermənistan hərəkətə keçir – “Hücum buradan gözlənilir”

Ermənistan-Azərbaycan sərhədində fevralın 12-13-də müşahidə olunan gərginlikdən sonra regionda yeni hərbi toqquşma ehtimalı haqda fikirlər səsləndirilir. Bir qədər əvvəl müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar. Buna paralel olaraq Ermənistan Daxili İşlər Nazirliyi Tavuş vilayəti ərazisində təlimlərə başlayıb.

Maraqlıdır, regionda nə baş verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, təlimlər təkcə əsgər və zabitlərin ixtisaslaşdırılması, daha da peşəkar olması məqsədi daşımır, həm də qarşı tərəfə verilən mesajdır:

“Paralel olaraq Ermənistan Daxili İşlər Nazirliyi də Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsində havadan hücumlar təşkil edildiyi təqdirdə əhalinin təxliyə edilməsi ilə bağlı təlimlər keçirir.

Natiq Miri

Diqqəti cəlb edən əsas məsələ Ermənistanın Tavuş bölgəsində təlimlər keçirməsidir. Bu ərazi hazırda Qazaxın işğalda olduğu 7 kəndin ərazisidir. Demək, İrəvanın əsas narahatlığı və gözlədiyi hücum Qazaxın işğal altında olan ərazilərinin azad olunması ilə əlaqədardır. Doğrudur, Azərbaycanın bu yöndə konkret qərarı yoxdur, ancaq delimitasiya komissiyalarının görüşündə işğalda olan kəndlərin geri qaytarılması məsələsi gündəmə gətirilmişdi. Sonradan Ermənistanın “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan bu prosesə başlamaq niyyətində olmadıqlarını bəyan etdi. Guya “Azərbaycan Ermənistanda işğal etdiyi ərazilərdən” geri çəkilməyənə qədər İrəvan da həmin 8 kənddən çıxmayacaq”.

Politoloqun fikrincə, İrəvanın iki seçimi var:

“Ermənistan ya işğaldakı əraziləri geri qaytaracaq, ya da Azərbaycan qısamüddətli əməliyyat keçirməklə torpaqlarını işğaldan azad edəcək. Ona görə də bu cür hərəkətlənmələr yaşanır. İrəvan yanlış qərarlar verməklə Azərbaycanı bir çox əməliyyatlara təhrik edib. Başı əzilməsinə və böyük itkilər verməsinə baxmayaraq, Ermənistan tutduğu yoldan geri çəkilmir.

Digər tərəfdən, “Ermənistan əraziləri xoşluqla geri qaytarıb”, “satqın, xəyanətkar İrəvan torpaqları Azərbaycana satdı” kimi etiketlərdən yayınmaq üçün yüzlərlə əsgərinin qurban verilməsinə razıdır. Ermənistan növbəti toqquşmaya hazırdır. Proses bu cür davam edərsə, sülh müqaviləsindən danışmaq mümkün deyil. Azərbaycanın sülh müqaviləsini imzalamaq üçün hüquqi təminata ehtiyacı var. Bu da Ermənistan qanunvericiliyi və konstitusiyasında dəyişikliklərdən ibarətdir. Referendum keçirilməzsə, sülh müqaviləsi imzalanmayacaq və Azərbaycan torpaqlarının işğalda qalmasına razılıq verməyəcək”.

Hərbi ekspert Ədalət Verdiyev isə vurğulayıb ki, Azərbaycan Ordusunun rəhbər heyəti mütəmadi olaraq şərti dövlət sərhədində və digər ərazilərdə yerləşən hərbi hissələri ziyarət edir və təlim, tədbirlərin keçirilməsini nəzarətdə saxlayır:

“Fasilədən sonra Ermənistanın bir neçə dəfə atəşkəsi müxtəlif istiqamətlərdə pozması, Azərbaycan əsgərinin bu təxtibat nəticəsində yaralanması rəsmi Bakını adekvat addımlar atmağına vadar etdi. Bu addımlar arasında qoşunların yoxlanılması, onların döyüşə hazırlıq vəziyyətinin yüksəldilməsi gözlənilən idi. Bu proses ondan xəbər verir ki, Ordumuza düşmənə adekvat cavab verilməsi üçün qətiyyətli göstərişlər verilib. Düşmən yenidən təxribata cəhd edərsə, daha ağır formada cəzalanacaq”.

Safura Bənnayeva
Globalinfo.az