Ermənilər üçün növbəti fiasko: “İrəvan o vaxt yalvardı, lakin Bakı…”

“Ermənistanın sülh danışıqları prosesinə qeyri-adekvat yanaşması, ziddiyyətli açıqlamaları, Azərbaycana qarşı qəbuledilməz şərtlər irəli sürməsi və sürətlə silahlanması İrəvanın imitasiya xarakterli görüşləri davam etdirməkdə maraqlı olduğunu göstərir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, İrəvan xüsusilə Qərb ölkələrinin bölgəyə daxil olmasını maraqlarına uyğun hesab edir və bunun üçün bütün vasitələrə əl atır:

“Bütün bunlar Ermənistanın sülhdən yayınmaq və əlverişli geosiyasi zəminin formalaşmasını gözləməklə revanşist niyyətlərini həyata keçirmək planlarından əl çəkmədiyini göstərir. Əlbəttə, İrəvanın bu siyasəti həm özü, həm də region üçün ciddi təhlükə vəd edir.

Rəsmi Bakı Ermənistanın istər açıq, istərsə də gizli formada atdığı addımlardan xəbərdardır. Prezident İlham Əliyev çıxışlarında Ermənistana mesaj verir ki, sülhə qarşı olan bütün addımlardan çəkinsinlər. Azərbaycan lazım gəldiyi zaman öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edə bilər”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin xəbərdarlıqları Ermənistan üçün ciddi siqnal olmalıdır:

“Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinə qədər Ermənistana dəfələrlə xəbərdarlıq etdi. Amma İrəvan rəhbərliyi bundan dərs çıxarmaq əvəzinə, hər şeyin onların istədiyi kimi davam edəcəyini düşündü. Nəticədə rüsvayçı məğlubiyyətlə üzləşdilər, Ermənistan ordusu darmadağın oldu. Milyardlarla dollar dəyərində silah-sursat məhv edildi, qənimət olaraq ələ keçirildi və İrəvan kapitulyasiyaya imza atdı. Məğlubiyyətə qədər isə Ermənistan rəhbərliyinin müharibənin dayanmasına dəstək verməsi üçün yalvarmadığı ölkə qalmadı. Lakin yeganə çıxış yolu Azərbaycan dövlətinin xəbərdarlıqlarına adekvat reaksiya verilməsi idi”.


Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu əlavə edib ki, ermənilər bölgədə qalan separatçı tör-töküntünün təslim olması və Azərbaycan ərazisini tərk etmələri ilə bağlı xəbərdarlıqlara qulaq asmadılar:

“Nəticədə bir günlük antiterror əməliyyatı keçirildi və onlar məhv edildi. Separatçı “liderlərin” əksəriyyəti həbs olunaraq Bakıya gətirildi, qalan hissəsi isə Ermənistana qaçdı.

İndi də Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edir ki, təhlükəli oyunlar oynamasın, Bakının haqlı, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tələblərinə əməl etsin. Hesab edirəm ki, İrəvan indiyə qədər baş verənlərdən dərs çıxarmalı və Prezident İlham Əliyevin xəbərdarlığının ilk növbədə erməni dövlətçiliyinin mövcudluğu üçün nə qədər ciddi əhəmiyyətə malik olduğunu etdiyini dərk etməlidir”

Turan Rzayev
Globalinfo.az