Erməni diversant belə saxlanılıb? – VİDEO

Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan Ordusu tərəfindən ələ keçirilən Q.V. (Qagik Voskanyan) adlı diversantın yaxalanmasını əks etdirdiyini iddia etdiyi video yayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Ermənistan MN “hələlik hansı səbəbdən Azərbaycan ərazisinə keçdiyi” bilinməyən Voskanyanın Azərbaycan əsgərləri tərəfindən sorğu-sual edildiyi, daha sonra isə saxlanıldığını bildirib.

Ermənistan MN iddia edib ki, bu, “Azərbaycan MN-in yalanını üzə çıxarır”.

Ancaq Ermənistan MN bu videonu yaymaqla əslində özünü rüsvay etmiş oldu. Maraqlıdır ki, Ermənistan MN bu rüsvayçılığı yayandan sonra “görüb” və dərhal videonu dəyişib. Ancaq artıq gecdir:

Ermənistan MN-in təqdim etdiyi birinci videoda diversant saxlanılarkən, dərənin içi ilə əraziyə doğru gələn ikinci erməni əsgər görünür. Bu, hələ kadra düşən hissədir, onun ardınca da digər diversantların olub-olmadığı bəlli deyil.

Bu kadr yayıldıqdan və dərə içində gizlənərək gələn digər erməni əsgərin olması faktı üzə çıxandan sonra ifşa olduğunu anlayan Ermənistan MN dərhal ilk videonu yığışdırıb.

İkinci videoya diqqət edin: eyni kadrlardır, ancaq daha yaxından və dərədən gələn erməni əsgər bu dəfə görünmür.

Bu isə bir daha təsdiqləyir ki, erməni əsgər “hələlik bəlli olmayan səbəbdən” və yaxud “döyüş postunu özbaşına tərk edərək” deyil, məhz məqsədli şəkildə və qrup halında təxribat hədəfi ilə Azərbaycan sərhədini keçib.