Ərdoğanın Zəngəzur mesajı: Ermənistan tarixi fürsəti qaçırır – Şərh

“Həm Azərbaycan, həm də Türkiyə Ermənistanın şıltaqlıqlarına dözmək niyyətində deyil. Buna görə də hər iki ölkə alternativ reallıqları nəzər alır”.

Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində dediyi “Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır” sözlərini şərh edərkən deyib.

Turab Rzayev 

Onun sözlərinə görə, Azərbaycan yenidənqurma və bərpa prosesinə, habelə bunun tərkib hissəsi olan kommunikasiya xətlərinə kifayət qədər vəsait sərf edib:

“Xüsusilə nəqliyyat yolları kommunikasiya xətlərinin bərpası prioritet təşkil edir. Rəsmi Bakı Ağbəndə qədər dəmiryolu çəkib. Türkiyə isə Naxçıvana qədər dəmir yolu tikintisini bitirib. Yolun bitməsi üçün Ermənistan ərazisindəki işlər yekunlaşmalıdır.

Rəsmi İrəvan öhdəlikləri yerinə yetirməyəcəyi, proseslərdən yayınmağa çalışacağı təqdirdə nə Türkiyə, nə də Azərbaycan prosesi yarımçıq qoymayacaq. Biz bu layihəni İranla da bitirə bilərik.

Hesab edirəm, Ərdoğanın açıqlaması Ermənistana bir xəbərdarlıqdır. Məsələ onda deyil ki, Ankara-Bakı hərbi yola əl atacaq. Biz alternativ vasitələrə əl ata bilərik. Misal üçün, İranla yolu tamamlaya bilərik. Onu da deyim ki, öncədən buna dair razılıq əldə edilib. İran da bu prosesdə maraqlıdır.

Ermənistan süni maneələr yaradacaqsa, özü prosesdən kənar qalacaq. Yəni burada bizim itirəcəyimiz heç nə yoxdur. Əksinə, İranın itirəcək çox şeyi var. Bu mənada rəsmi İrəvan Türkiyə prezidentinin dediklərini ciddiyə alsa yaxşı olar”.

Turan Rzayev
Globalinfo.az