Ərdoğanın yeni sülh təklifi – Türkiyə o ölkəni də masaya gətirir

“Ukraynadakı müharibənin ilk günündən etibarən Türkiyə Şərqi Avropada sülhün təmin olunması üçün çalışır. Bu məqsədlə indiyədək müxtəlif təşəbbüslər irəli sürülüb”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhün əldə olunması üçün ABŞ, Ukrayna, Rusiya və Türkiyə arasında birgə bəyanat imzalanmasını təklifi etməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ankara Şərqi Avropada sülhün təmin olunmasında səmimidir:

“Etiraf etmək lazımdır ki, Türkiyənin cəhdləri indiyə qədər müvəqqəti olsa belə, nəticə verib. Hətta məhz Ərdoğan hakimiyyətinin səyləri nəticəsində vaxtilə Ukrayna və Rusiya sülhə çox yaxın idilər. Bundan başqa, Qaradəniz Taxıl Təşəbbüsü də məhz Türkiyənin səyləri nəticəsində mümkün olmuşdu.

Ankaranın Şərqi Avropada sülh üçün çalışmasının bir neçə səbəbi var.

Birincisi, bu ölkənin həm Ukrayna, həm də Rusiya ilə normal münasibətləri var. Vəziyyətin daha da mürəkkəbləşəcəyi təqdirdə Türkiyə tərəf seçməli ola bilər. Ankara bunu istəmir.

İkincisi, Türkiyə Qərbin Şərqi Avropa ilə bağlı planlarına mane olmağa və öz oyununu qurmağa çalışır.

Müharibənin ilk vaxtlarında, bəlkə də Türkiyə məhz Ukrayna və Rusiya ilə təmaslar nəticəsində sülhü təmin edə bilərdi. İndi isə bu, kifayət deyil. Həm də Qərblə, o cümlədən ABŞ-la danışıqlara ehtiyac var. Çünki proseslərdə rəsmi Vaşinqtonun rolu kifayət qədərdir. ABŞ Ukraynanı silahlandırmaqla döyüşməyə təşviq edir. Beləliklə, müharibə uzanır.

Təsadüfi deyil ki, Türkiyə artıq danışıqlar üçün ABŞ-ın iştirakını lazım bilir. Fikrimcə, gələcəkdə Ukraynadakı sülh məsələsi ilə Ankara və Vaşinqton arasında təmaslar daha da intensivləşə bilər. Bu isə ikitərəfli siyasi alış-veriş deməkdir”.

Turan Rzayev
Globalinfo.az