Ərdoğanın tarixi səfəri – Türkiyə liderinin 12 illik tilsimi qırmasının səbəbi

“Ərdoğanın Misirə səfəri 2022-ci ildən planlanmışdı, ancaq müəyyən səbəblərdən gecikdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Kənan Rövşənoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qətərdə baş tutan dünya çempionatı zamanı Türkiyə və Misir prezidentləri bir araya gəlmiş, pozitiv mesajlar verilmişdi:

“Ümumiyyətlə, Misir-Türkiyə münasibətləri 2013-cü ildəki hərbi çevrilişdən sonra pozulmuşdu. Türkiyə Misirdəki çevrilişi, xüsusən də buna rəhbərlik edən hazırkı prezident Əbdülfəttah əs-Sisini sərt şəkildə tənqid etmiş, səfiri geri çağırmışdı. Misir də buna eyni şəkildə cavab vermişdi, ancaq sonrakı illərdə situasiya dəyişdi.

Liviya məsələsi, habelə Aralıq dənizində neft-qaz ehtiyatlarının istismarı və Avropa bazarına çıxarmaqda iki ölkənin, belə demək olarsa, bir-birinə ehtiyacı yarandı. Türkiyə eyni zamanda “ərəb baharı”ndan sonra tətbiq etdiyi siyasətdən imtina edərək münasibətləri düzəltməyə çalışır.

Türkiyə və Misir liderləri Qəzzadakı vəziyyəti müzakirə edib, güman ki, atəşkəs üçün səyləri artıracaqlar, amma İsrailə qarşı hər hansı ittifaqın olacağını zənn eləmirəm”.

Turan Rzayev
Globalinfo.az