Ərdoğan və Putin arasında bu məsələ xüsusi müzakirə olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kərəm Aydınlar məscidində cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putin avqust ayında Türkiyəyə səfər edəcək.

Səfər indiki məqamda çox mühüm hesab edilir. Bunun əsas səbəbi tərəflər arasında müzakirəyə ehtiyac duyulan mövzunun çox olmasıdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, “Taxıl sazişi”nin yenidən bərpa edilməsi müzakirəsi ehtimal mövzulardandır.

Maraqlıdır, Vladimir Putin qeyd edilən məsələlərlə bağlı türkiyəli həmkarı ilə müzakirəsi nə ilə nəticələnəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, Rusiyanın “Taxıl sazişin” dən çıxması müvəqqəti bir haldır və yaxın zaman ərzində sazişə qayıdacaq:

Tural İsmayılov

“Rusiya və Ukrayna dünyanın iri taxıl istehsal edən ölkələridir. Bu ölkələrin dünya bazarına taxıl çıxarmasını dayandırması və ya məhdudiyyət tətbiq etməsi böhranın yaranmasına səbəb ola bilər. Xüsusilə, Kremlin hazırda sazişi tərk etdiyini açıqlaması Cənub Şərqi Asiya, Afrika və Latın Amerikası ölkələrində aclığa səbəb ola bilər.

Hesab edirəm, Ərdoğan və Putin arasındakı danışıqlarda bu məsələ xüsusi müzakirə olunacaq. Ancaq onu da demək lazımdır ki, Putin və Ərdoğan arasında “Taxıl sazişi” ilə bağlı razılaşma olsa da, bir sıra qüvvələr və faktorlar prosesi sabotaj edir. Hesab edirəm ki, sabotaj prosesinin qarşısını almaq üçün Türkiyənin Rusiya ilə anlaşması gələcək dövrdə davam etdiriləcək”.

Turan Rzayev
Globalinfo.az