Ərdoğan gedir: yerinə kim gələcək? – “Türk xalqı ayağa qalxa bilər”

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövcud qanunvericiliyi nəzərə almaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin özü üçün yekun seçki olduğunu bildirib. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə Türkiyə Prezidentini siyasi fəaliyyətini davam etdirməyə çağırıb.

Maraqlıdır, Ərdoğanın gedişi Türkiyəyə nə vəd edir? Onun yerini dolduracaq lider, kadr varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixinə adını qızıl hərflərlə yazdırmış siyasi xadimdir:

“Ərdoğanın nə zamansa hakimiyyətdən gedəcəyi fikri onu sevənləri və qiymətləndirənləri narahat edir. Son zamanlar müxtəlif kürsülərdən onun hakimiyyətdə qalma müddətinin sona çatdığının yaxınlaşması barədə bəyanat verilməsi çaşqınlıq yaradıb. Onun “mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq” deməsi həqiqətən də siyasətdən uzaqlaşacağına işarədir?”

Politoloq qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyət müddətinin sona çatması onun yaxın zamanlarda siyasətdən gedəcəyi mənasına gəlməməlidir:

“Hakimiyyətdən gedən prezidentlərin bu və ya digər formada siyasi fəaliyyətlərini davam etdirməsinə aid nümunələr var. Ərdoğanın hakimiyyət müddəti bitə bilər, amma siyasi sahədə fəaliyyətdən hələ uzun müddət əl çəkməyəcək və Türkiyə siyasətini idarə etməkdə davam edəcək. Əsas məsələ onun siyasi kursunu davam etdirə biləcək yeni dövlət xadiminin ortaya çıxmasıdır. Əgər belə şəxs varsa, Ərdoğan rahat şəkildə hakimiyyətə həmin şəxsin gəlməsinə razı olar. Düşünürəm ki, Ərdoğan siyasi sahədə ciddi təcrübəyə malik olduğu qədər, vərəsəlik məsəsləsində də mükəmməldir”.

Ə.İbrahimov fərqli ssenarini də istisna etməyib:

“Düzdür, mövcud qanunvericilik onun hakimiyyət müddətinin sona çatmasını şərtləndirir, amma Ərdoğanın hakimiyyət müddəti bitənə qədər bu qanunun mövcudluğunu saxlayacağına heç kim zəmanət verə bilməz. Ərdoğanı yüksək qiymətləndirən xalq ayağa qalxaraq bu qanunun dəyişdirilməsinə səs verə bilər”.

Safura Bənnayeva
Globalinfo.az