Əliyev göstəriş verdi, Paşinyan “ön söz” yazdı – Sülh müqaviləsində yeni təklif yer alacaq? 

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 maddə və ön söz üzrə razılığa gələ biliblər. Qeyd edək ki, bir neçə gün öncə Nikol Paşinyan sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi.

Maraqlıdır, Ermənistanın təxribatlar fonunda birdən-birə belə yanaşma sərgiləməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi analitik Fuad Şahbazov deyib ki, Ermənistan Baş nazirinin səsləndirdiyi bəyanatlar iki ölkə arasında tezliklə sülh sazişinin imzalanacağına işarə vermir:

“Xüsusi kompleks məsələlər var ki, hələ də həllini tapmayıb. Azərbaycan Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasını, müəyyən dəyişikliklərin olmasını istəyir. Ermənistan isə 2027-ci ildə konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçiriləcəyini bildirib. Lakin bununla paralel şərti sərhədlərimizdə atəşkəs rejimi tez-tez pozulur.

Fuad Şahbazov

Ermənistan isə özünün zəif, qurban dövlət olduğunu nümayiş etdirmək, Qərbdən gələn maddi, texniki dəstəyi davam etdirmək, Rusiyadan gələcək təzyiqlərin qarşısını almaq üçün bu kimi təxribatları təkzib etməyə başlayıb. Bu təxribatların davamı gələcək”.

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycana yeni təklif səsləndirə bilmək üçün COP29-da iştirak etməlidir:

“Ermənistan nümayəndə heyəti tərəfindən sülh müqaviləsinin imzalanması istiqamətində atılan böyük müsbət addım olardı. Lakin hələ erməni rəsmilər məsələ ilə bağlı dəqiq məlumat vermir. Gözləməklə kifayətlənirlər. Vaxtın Ermənistanın lehinə işlədiyini düşünürlər”.

Safura Bənnayeva
Globalinfo.az