Dövlət qulluğuna qəbul imtahanlarında suallar dəyişə bilər. DİM-in Hüquqi təminat və dövlət qulluğu şöbəsinin müdiri Lalə Qədirova bildirib ki, yeni model üzrə test imtahanlarının keçirilməsi qaydalarının hazırlanması üçün Nazirlər Kabinetinə beş ay vaxt verilib. Qaydalar təsdiqləndikdən sonra səriştə əsaslı imtahanlara başlanılacaq. Yeni modelə keçidlə əlaqədar Azərbaycan dili, informatika və qanunvericilik fənləri üzrə sualların imtahan proqramından çıxarılıb-çıxarılmayacağı isə hələlik məlum deyil.
Dövlət qulluğuna qəbul imtahanlarında səriştə modelinə keçid namizədlərdən hansı yeni bilik və bacarıqları tələb edəcək? Bu dəyişiklik imtahan proqramına və hazırlıq prosesinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, dövlət qulluğuna qəbul imtahanlarında dəyişikliklərin ediləcəyi gözlənilir:
“Yenilik ondan ibarətdir ki, namizədlərin yalnız məntiqi təfəkkürü və qanunvericilik bilikləri deyil, eyni zamanda emosional təfəkkürü, müxtəlif situasiyalarda davranışları, qərarvermə bacarıqları da qiymətləndiriləcək. Bununla bağlı müvafiq sual və tapşırıqlar hazırlanır. Yaxın dövrdə bu istiqamətdə sınaq imtahanlarının keçirilməsi də gözlənilir. Bu imtahanlar namizədlərin yeni qiymətləndirmə sisteminə uyğunlaşmasına kömək edəcək”.
Elçin Əfəndi
Ekspert bildirib ki, qaydalar təsdiqləndikdən sonra dövlət qulluğuna qəbul prosesində səriştə modelinə keçid nəzərdə tutulur:
“Bu model çərçivəsində namizədlərin emosional davranışları, situasiyaları düzgün qiymətləndirmək və uyğun qərarlar qəbul etmək bacarıqları yoxlanılacaq. Təbii ki, bu dəyişiklik həm imtahan proqramına, həm də hazırlıq prosesinə təsir göstərəcək. Əvvəllər namizədlər daha çox dünyagörüşü və nəzəri biliklərlə bağlı suallara hazırlaşırdılarsa, yeni yanaşmada emosional təfəkkür və situativ qərarvermə bacarıqları da ön plana çıxacaq. Buna görə də namizədlər öz hazırlıqlarında bu məqamları nəzərə almalıdırlar.
Artıq emosional təfəkkürün qiymətləndirilməsi istiqamətində hazırlıq kurslarının təşkili məsələsi də gündəmə gətirilir. Lakin hesab edirəm ki, belə hazırlıqları müvafiq bilik və bacarıqlara malik mütəxəssislər aparmalıdır. Eyni zamanda, rəsmi imtahan proqramı təsdiqlənmədən hazırlıq prosesinə başlamaq düzgün deyil. Əvvəlcə proqramın təsdiqlənməsi, daha sonra isə həmin tələblərə uyğun hazırlıq prosesinin təşkili məqsədəuyğundur”.
Ləman İmran
Globalinfo.az