Edilən dualar hansı dildə olmalıdır? – İlahiyyatçıdan açıqlama

 

İnanclı insanların çoxunu düşündürən suallardan biri də edilən duaların hansı dildə olmasıdır. Bir qism insan düşünür ki, dualar mütləq ərəb dilində olunmalıdır, bir qism isə bunun hansı dildə olmasının önəm kəsb etmədiyini deyir. Maraqlıdır, bəs dualar hansı dildə edilməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, əslində, dinimizdə dua etmək ibadət sayılır.

O, Hz.Peyğəmbərin hədisindən sitat gətirərək deyib ki, dua ibadətlərin beyni, qəlbi və ruhu sayılır:

“Dinimiz iki hissəyə bölünür. Biri sözlə, digəri feli dua. Sözlə dua bir insanın könlünün qüvvəsindən, içdən gələn səmimiyyətdən Allaha yalvararaq dualar etməkdir, feli dua isə insanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsidir”.

Ağa Hacıbəyli

A.Hacıbəyli duanın hansı dildə oxunması məsələsinə aydınlıq gətirib:

“Bir çox peyğəmbərlərin duaları Qurani Kərimdə keçir. Bu dualar isə məqbul olmuş dualardır. Onu oxuyan adam bilməlidir ki, məsələn, Hz.Yunisin balığın qarnında olarkən etdiyi duanın qarşılığı, təcüməsi var. Bir insan da çətinliyə düşübsə, həmin duanı olduğu kimi edəcək. Dualarla bağlı elə bir göstəriş yoxdur ki, mütləq ərəbcə, farsca, ingiliscə oxumalısan. İnsan etdiyi duaları öz ana dilində edə, dilədiyi şeyi Allahdan istəyə bilər. Eyni zamanda hazır mətnlərdən də yayarlana bilər. Amma bir şərtlə ki, oxuduğu mətnin mənasını bilməlidir”.

İlahiyyatçı deyib ki, bir insan nə qədər çox dua etməyi bacarırsa, bir o qədər də çox xeyirxah hesab olunur.

Zaira Akifqızı
Globalinfo.az