“Dünyanın heç bir yerində siyasətçilər bir-birini bu qədər təhqir etmir” – Qüdrət Həsənquliyev

“Siyasi partiyalar haqqında” Qanun onun necə tətbiq olunmasından asılı olacaq.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

O, yeni qanunu əvvəlkindən daha mütərəqqi hesab edir:

“Qanunla bağlı mənim bir çox təkliflərim nəzərə alındı, xeyli dərəcədə təkmilləşdirildi. Amma Otto fon Bismarkın məşhur sözü var: “Pis qanunlar və yaxşı məmurlarla dövləti idarə etmək olar, amma yaxşı qanunlar və pis məmurlarla dövləti idarə etmək olmaz”. Məmurların əsas niyyəti siyasi partiyaları sıxışdırmaq olsa, istənilən bəhanəni tapacaqlar”.

Q.Həsənquliyev deyib ki, hər bir xalqın elmin, təhsilin, səhiyyənin, mədəniyyətin səviyyəsinə görə sosial inkişaf indeksi var:

“Biz mütləq şəkildə Qərb standartlarını Azərbaycanda tətbiq etmək istəyirik, amma bu bizim siyasi sistemi daha da eybəcərləşdirir. Amerikalılar İraqı tutub orada 100 milyardlarla pul xərclədilər, amma demokratik cəmiyyət qura bilmədilər. Həmçinin Əfqanıstanda, çünki cəmiyyət ona hazır deyildi. Bizim cəmiyyət də hazır deyil. Ziyalılarımız da bunu başa düşür, ona görə sakit dayanıblar. Rəhmətlik Elçibəy deyirdi “bəzi problemlərin həlli üçün zamana ehtiyac var”.

Q.Həsənquliyev partiyanın təsis olunması üçün tələb olunan üzv sayı məsələsinə münasibət bildirib:

“1989-cu ildə AXC İdarə Heyətinin 15 üzvünün hər biri: İsa Qəmbər, İsgəndər Həmidov, Sabir Rüstəmxanlı, Nemət Pənahlı, Pənah Hüseyn, İsa bəyin qardaşı, Tamerlan Qarayev və s. ayrı-ayrı partiya yaratdılar. İndi partiyaların yaradılması prosesi də gərək bir az çətinləşə. Kim-kimdən inciyirsə, dərhal gedib özünə partiya yaradır. Axırıncı parçalanma AXCP-dən sonra Müsavatda oldu. Qubad İbadoğlu seçkini uduzdu, özünə partiya yaratdı.

Amma üzv sayı 5 min olanda bir az fikirləşməli olacaq ki, qalıb hələ partiyanın özündə mübarizəsini aparsın. Bu bəzi partiyaların parçalanmasının qarşısını alacaq, yeni partiyaların yaradılmasını çətinləşdirəcək. Sən doğrudan da siyasətə gəlmək istəyirsənsə, əvvəlcə bir partiyanın üzvü olmalısan, ordan addım-addım özünü təsdiq edə-edə partiyanın rəhbərliyinə yüksəlib, sədrlik uğrunda mübarizə aparmalısan. Azərbaycanda mən 5 min imzanı normal sayıram.

Barışmaz düşərgəni narahat edən məqamlardan biri də o idi ki, üzvlərimizin kimliyini hökumət biləcək. Azərbaycanda 15 mindən çox bələdiyyə üzvlüyünə namizəd verməlisən, məntəqə seçki komissiyalarına, dairə komissiyasına üzv verməlisən, həmin namizədlərinə heç olmasa bir vəkil təyin etməlisən. Bunların sayı elə 20-30 mini keçir. Normal partiya üçün aşağısı bu qədər üzvün olmalıdır. İldə bir dəfə təşkilat məsələləri üzrə müavinin üzv sayı ilə bağlı hesabat hazırlamasını bəziləri çətin bir iş kimi təqdim etmək istəyir”.

BAXCP sədrinin sözlərinə görə, siyasi fəaliyyət üçün daha yüksək standartlar tətbiq olunmalı və ölkədəki ictimai-siyasi, mədəni səviyyə nəzərə alınmalıdır:

“Sosial inkişaf indeksi aşağı olduğuna görə bizim ictimai-siyasi həyatımıza çox sayda siyasi baxımdan hazırlıqsız, cəmiyyətin tör-töküntüsü daxil olub. Dünyanın heç bir yerində siyasətçilər bir-birini bu qədər təhqir etmir. Siyasi rəqiblər bir-birinin ailəsini, uşağını, qızını söyür. Belə əxlaqsızlıq nümunələri dünyada çox azdır. Xaricdən söyüş söyənlər var ki, ictimai mühiti korlayırlar. Bir dəfə demişdim ki, biz o söyüşləri qətiyyətlə qınayırıq və hakimiyyətə gəlsək, onları cəzalandıracağıq. Hansı partiya belə bəyanat verdi?! Son vaxtlar xalqımızı nə qədər təhqir edirlər, aşağılayırlar. Onlar fərqində deyillər ki, xalq sənin istəyinə cavab vermirsə, onu təhqir etməyə haqqın yoxdur. Siyasətçi əksinə, bu cür açıqlamalarla özünü bir az da xalqdan uzaqlaşdırır, onun özünə inamını bir az da öldürür. Həmçinin, emosiyaların təsiri altında xaricdən tapşırıqla, yaxud hansısa oliqarxın pulu qarşılığında aksiya təşkil etməklə uzağa getmək mümkün deyil. Amma cəmiyyətimiz inkişaf edir. Ona görə də “Siyasi partiyalar haqqında” Qanun taleyi və təsir imkanları onun necə tətbiq olunmasından asılı olacaq”.

Gülnar Səlimova
Globalinfo.az