İntihar edən gizir 6 ay əvvəl ailə həyatı qurubmuş – Təfərrüat

dsx 7

Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Rəhim Novruzovun intiharının təfərrüatları məlum olub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 28-də onun xidmət etdiyi Cəbrayıl rayonu ərazisində kirayə yaşadığı evdə baş verib.

Lakin intihar hələlik ilkin ehtimaldır. Təsdiqlənməmiş digər versiyaya görə, R.Novruzov dəm qazından boğularaq ölüb.

Məlumata görə, R.Novruzov əslən Kürdəmir rayonunun Çöhranlı kəndindəndir. O, 1997-ci ildə Çöhranlıda anadan olub. Ailədə üç qardaş, iki bacıdılar.

R.Novruzov doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra imtahanla Türkiyə universitetlərindən birinə qəbul olunub və bir il orada təhsil alıb. Amma ailənin imkansızlığına görə təhsilini davam etdirə bilməyib. Bundan sonra Ukrayna ali məktəblərindən birinin qiyabi fakültəsinə köçürülüb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra könüllü şəkildə vətənin müdafiəsinə yollanıb. O, DSX-nin sıralarında ön cəbhədə döyüşüb, qəhrəmanlıqlar göstərib. Onun bu xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rəhim Novruzov “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Müharibə bitdikdən sonra Rəhim DSX-də qalıb və gizir kimi xidmətini davam etdirib.

Məlumata görə, R.Novruzov altı ay əvvəl ailə həyatı qurub. Həyat yoldaşı əslən İsmayıllı rayonundandır və Azərbaycan Tibb Universitetini bitirib, hazırda Bakıda həkim kimi çalışır.

Novruzovun bir qardaşı da hərbçidir. O, Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrində gizir rütbəsi ilə xidmət edir. Subaydır.
Digər qardaşı isə anadangəlmə qüsurludur. Bacıları bir neçə il əvvəl ailə həyatı qurub.

İntihar edən gizirin ata-anası və bir qardaşı bir müddət əvvəl Kürdəmirin Çöhranlı kəndindən işləmək üçün Bakıya gəlib.

Tanıyanlar Rəhim Novruzovu mədəni, alicənab, qorxmaz və qoçaq şəxs kimi xarakterizə edirlər.

Mərhum gizir Çöhranlıda dəfn olunacaq, hələlik cənazəsi ailəsinə təhvil verilməyib.

Xatırladaq ki, DSX-nin kiçik giziri Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.

Fakt əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra olunub.

***15:28

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Rəhim Zeynal oğlu Novruzovun özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan bildirilib.

Fakt əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

“Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin” – deyə Hərbi Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

***14:06

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.

Globalinfo.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.