Azərbaycanda devalvasiya müzakirələri qızışır – Manat kəskin ucuzlaşacaq?

2024-cü il daxil olandan sosial şəbəkələrdə Azərbaycanda devalvasiyanın olacağı deyilir. Dolların 2 manata qədər yüksələcəyi haqda proqnozlar səslənir. Sözügedən məlumatlar ictimaiyyətdə narazılıq və müzakirələrə səbəb olub. Doğrudanmı ölkədə devalvasiya gözlənilir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Xalid Kərimli devalvasiyanın olacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib.

O bildirib ki, ucuzlaşma nə zamansa baş verəcək, lakin yaxın vaxtda deyil:

“Təbii ki, manat da, dollar da, avro da nə vaxtsa ucuzlaşacaq. Manatın həmişə dollar kimi stabil davam edəcəyi və əbədi belə olacağı real deyil. Hazırda dollar 1,70 manatdır. Manat dollarla birgə hərəkət edir. Dollar necə, manat da o cür dəyişir. Dollar hər zaman ABŞ iqtisadiyyatının vəziyyətinə uyğun dəyişir. Belə çıxır ki, onda biz Azərbaycan iqtisadiyyatının vəziyyətini qoyuruq kənara, Amerika iqtisadiyyatına uyğun addım atırıq? Bu, doğru məsələ deyil, iqtisadiyyata ziyan verə biləcək və ya müəyyən dövrdə müsbət təsir edə biləcək məsələdir”.

Ekspert devalvasiyanın hansı səbəbdən real olmamasını belə izah edib:

Xalid Kərimli

“Ona görə real deyil ki, hazırda enerji bazarında qiymətlər kifayət qədər konfortludur. Qaz qiymətləri proqnozlara uyğundur, neft qiymətləri də Azərbaycanın proqnozlaşdırdığı qiymətlərdən 30-40 faiz daha yüksəkdir. Azərbaycanın büdcəsində neftin qiyməti 60 dollar götürülüb, amma 80 dollar təşkil edir. Bu da o deməkdir ki, ölkəyə girən pullar, çıxan pullardan daha çoxdur. Baxmayaraq ki, yerli bazarda yüngül panika var, lakin yenə də hər hansı riskin olacağını gözləmirəm. Burada hökumətin devalvasiyaya getməsinə məcbur olacaq vəziyyət də yoxdur”.

X.Kərimli deyib ki, hökumət könüllü və şüurlu şəkildə devalvasiyaya getməz:

“Çünki hökumətin cəmiyyət qarşısında götürdüyü inflyasiya proqnozu, büdcə xərcləri 2024-cü il üçün devalvasiya ehtimalını aşağı salır. Bu baxımdan inflyasiyanın hələ də yüksək olması, əhali gəlirlərinin son 2-3 ildə inflyasiyanın yeminə çevrilməsinə imkan vermir ki, hökumət devalvasiyaya getsin. Həm də devalvasiya özü inflyasiyanın artması prosesidir. Pulun dəyəri ölən kimi, qiymətlər artacaq. Bu, çox ciddi bir sosial problemlərə çevrilə bilər. Ona görə də düşünmürəm ki, indiki enerji qiymətlərində hər hansı bir devalvasiya ehtimalı olsun, amma yoxdur sözünü də deyə bilmərəm. Axı mən bank sədri deyiləm. İnsanların panikaya düşməsi üçün əsas yoxdur. Lakin yenə də enerji qiymətləri vətəndaşlar tərəfindən diqqət mərkəzində saxlanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az