Deputatın “İran agentləri” ittihamına meyxanaçılardan REAKSİYA

Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasda millət vəkili Fazil Mustafanın “meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir” deməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi meyxanaçıların İran agenti olması barədə zaman-zaman səsləndirilən iddialar yenidən gündəmə gəlib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan meyxana ustası Namiq Məna deputatın fikirlərinə hörmətlə yanaşdığını deyib.

O bildirib ki, deputatlar belə fikirlər səsləndirirlərsə, deməli, bildikləri var:

“Meyxanaçılar dini meyxana dedikləri üçün onları “İran agenti” adlandırmaq doğru olmaz. Amma deputatlarımız da elə-belə fikir söyləməzlər. Yəqin, onlar hansısa faktlara istinadən belə danışırlar. Lakin bunu hamıya şamil edə bilmərik”.

Fazil Mustafa

Digər meyxana ustadı Mehman Əhmədli isə deyib ki, meyxana deyənlərin İranla heç bir əlaqəsi yoxdur:

“Onların əksəriyyəti vətənpərvərdir. Elə həmin meyxanaçılardan biri də mənəm! Vətənimə əl və dil uzadan hər bir ölkə düşmənimiz, dəstək olan ölkələr isə dostumuzdur. Bəli, güneylilər bizim qardaşlarımız, canımız-ciyərimizdir, çünki biz bir millətik. Amma ölkə olaraq İran bizə qarşı aqressiya göstərən dövlətdir. Bizim onları dəstəkləmək fikrimiz yoxdur.

Razıyam, bəzi meyxanaçılar dini meyxanalara üstünlük verirlər. Bu isə İrana sevgidən irəli gəlmir, tamaşaçı istəyir deyə, alqış qazanmaq üçün ifa edirlər. İnanın ki, bu tip meyxanaların İranla heç bir əlaqəsi yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az