“Burada nazir müavini Rasim İsmayılov dedi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır və bu, dərmanların keyfiyyətinin aşağı olmasına təsir edir. Bu, belə deyil”.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, nazirlik bunun səbəbini araşdırsın: “Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız. Keyfiyyətsiz dərman gəlirsə, onun başqa mənbələrini axtarmaq lazımdır. Biz komitədə keçirilən müzakirədə də insanların şəxsi istifadə üçün dərman gətirməsinə mane olunduğu halları qeyd etmişdik. Bir insan özü üçün 3 qutu dərman gətirirsə, onun 2-ni keçirməyə qoyurlar. Bu hallar aradan qaldırılmalıdır. Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil”.
Spiker Sahibə Qafarova qeyd edib ki, Rasim İsmayılov nazirlik tərəfi olaraq etiraf edir ki, belə hallar var: “Mən də təklif etdim ki, bizə bu barədə məlumat versin”.
Rasim İsmayılov isə bildirib ki, o, çıxışında dərmanların apteklərdə satışının olduğunu deməyib: “Apteklərdə belə hallara çox cüzi rast gəlinə bilər. Çünki apteklərdə mütəmadi yoxlamalar keçirilir. Aparılan tədbirlərlə bağlı sizə məlumat verəcəyəm”.