De Byazi istefaya göndərilir? – Açıqlama

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində uğursuz startı yığmanın çalışdırıcısı Canni De Byazinin fəaliyyətinin müzakirə edilməsinə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bəzi KİV və sosial şəbəkələrdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) ölkənin əsas komandasında mümkün baş məşqçi dəyişikliyinin müzakirə olunduğu iddia edilir. Məlumata görə, federasiya yaxın günlərdə italyan mütəxəssislə müqaviləyə ya qarşılıqlı razılıq əsasında xitam verəcək, ya da o, təzminat ödənilməklə yola salınacaq. Hətta çalışdırıcını yerli mütəxəssisin əvəzləyəcəyi də bildirilir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün AFFA ilə əlaqə saxladıq. Assosiasiyanın Mətbuat Xidmətinin rəhbəri Firuz Abdulla Oxu.Az saytına açıqlamasında yayılan məlumatları təkzib edib.

“Baş məşqçinin təyinatı və ya vəzifəsindən uzaqlaşdırılması barədə qərar İcraiyyə Komitəsi tərəfindən verilə bilər. Hazırda İK-nın iclası ilə bağlı hər hansı xəbər yoxdur”, – deyə qurumun sözçüsü bildirib.

Azərbaycan millisi seçmə mərhələnin ilk turunda Avstriyaya 4:1, II turunda İsveçə 5:0 hesabları ilə uduzub.