Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 milyon 600 min manatlıq dələduzluqda təqsirləndirilən “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və agentliyin daha 8 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilənlərdən Oqtay Zərbəliyev, Orxan Əliyev və Ramin Nağdəliyevin hər birinin 9 il 6 ay, Natiq Şahmuradovun 8 il, Qalib Bayramovun 7 il, Bəxtiyar Məhərrəmovun 7 il 6 ay, Ədib Kazimov, Valeh Rustəmov və İlqar Məmmədovun isə hər birinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, ittihama əsasən, “Zamin Əmlak Agentliyi”nin direktoru və satış menecerləri qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dələduzluq əməlləri törədiblər.
Onlar agentliyə müraciət edən vətəndaşlara güzəştli şərtlərlə ipoteka krediti vasitəsilə mənzil almaqda köməklik göstərəcəkləri barədə yalan vədlər veriblər.
İttihama görə, təqsirləndirilən şəxslər bu üsulla zərərçəkənlərin ümumilikdə 3 milyon 600 min manatını ələ keçiriblər.
Faktla bağlı onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Təqsirləndirilənlərdən Qalib Bayramov və Bəxtiyar Məhərrəmov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri, digərləri barəsində isə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesi davam edir.